AZAL azad bazarın subyektinə çevrilərsə, Bakını nə gözləyir?

“AZAL-ın ziyanla işləməsinin əsas səbəbi, mövcud iqtisadi-siyasi sistemlə birbaşa bağlıdır. Yəni, bu faktın Cahangir Əsgərov və ya bir başqasının tamahkarlığı, bacarıqsızlığı ilə izah edilməsi, primitiv yanaşma olardı”. İqtisadçı Qaşqay İsmayıl  AZAL-ın ziyanla işləməsi ilə bağlı məlumatları İndex.az-a şərh edərkən belə deyib. Onun sözlərinə görə, Rusiyada olduğu kimi, ölkəmizdə də iri dövlət şirkətləri hakim dairələrin pul kisəsi rolunu oynayır:

“Belə şirkətlər vasitəsilə həm iri monopolist şirkətlərin gəlirləri əldə edilir, həm də büdcədən ayrılan böyük məbləğlərlə bağlı əməliyyatlar həyata keçirilir. Şirkətə kimin rəhbərlik etməsi və icazə verilən həddə qazanması burada ikinci dərəcəli amildir. Digər tərəfdən, müasir dövlətin iqtisadiyyatda başlıca funksiyası iqtisadi inkişafın təmin edilməsi olmalıdır. Dövlətin aviaşirkətlərə, banklara, metroya, hətta avtobus marşrutlarına sahib olması, bu şirkətləri idarə etməsi birmənalı olaraq qanunsuzluqlara və yeyintilərə yol açır. Dövlətin bizneslə məşğul olması, strateji olmayan iqtisadi sahələri öz nəzarətində saxlaması qeyri-effektivdir, inkişafın qarşısını alır və biznesə əlavə problemlər yaradır”.

Qeyd edək ki, mediada zərəri qarşılamaq üçün AZAL-ın biletlərin satış qiymətlərini artıracağı barədə fikirlər də səslənib. Buna münasibət bildirən Q.İsmayıl qiymət artımının şirkətə o qədər də faydalı olmayacağı qənaətindədir:

“Nəzərə almaq lazımdır ki, AZAL-ın qiymətlərinin baha olması müəyyən qədər şişirdilmiş anlayışdır. Bəzi istiqamətlərdə şirkət monopolist olmasından istifadə edərək qiymətləri qaldıra bilir, lakin bu qiymətlər fantastik baha deyil. Konkret olaraq pandemiyaya qədərki müəyyən reysləri, məsələn Bakı-Dubay və Bakı-Tel-Əviv reyslərində qiymətlər digər aviaşirkətlərdən kəskin  fərqlənmirdi, hətta bəzən ucuz da olurdu. Digər tərəfdən, tam azad bazar olmasa da, qiymətlərin müəyyənləşməsində bazarın da rolu vardır. Ən əsası isə biletləri bahalaşdırmaqla AZAL öz zərərinin yalnız cüzi hissəsini qarşılaya bilər. Ancaq bu, mürəkkəb prosesdir və şirkətin qiymət artımından gəlirlə, yoxsa ziyanla çıxacağını proqnozlaşdırmaq mümkün deyil”.

AZAL-ın gələcək idarəetməsinə gəlincə, iqtisadçı şirkətin regional aviadaşıyıcıya çevrilmək üçün bütün imkanlarının mövcud olduğunu deyib. Bununla Bakının hub-a çevrilməsini də istisna etməyib:

“İdarəetmə daha çevik olarsa, bazar prinsiplərinə üstünlük verilərsə, azad bazarın subyektinə çevrilərsə, inkişaf etmək üçün şərtlər göz qabağındadır. Bu həm də Bakının regional hub-a çevrilməsi demək olar. AZAL-ın yeni və müasir təyyarələri, modern Bakı aeroportu, maddi-texniki bazası inkişaf üçün fundament rolunu oynaya bilər. İnsafən, qiymətlərin bahalığını dedikdə nəzərə almalıyıq ki, şirkət ən müasir təyyarələrdən istifadə edir, yəni, qiymət baxımından onu hər hansı loukosterlə müqayisə etmək yersiz olardı”.