ABŞ-ın texnologiya nəhəngi “Microsoft” təkcə Avropada deyil, həm də öz ölkəsi Amerikada rəqabət qanunu araşdırmaları ilə üzləşir.
İndex.az xəbər verir ki, iddialara görə, şirkət ABŞ hökumətinə pulsuz xidmətlər təklif etməklə rəqiblərini sıradan çıxarmağa və hökumətlə əlaqələrini gücləndirməyə çalışır.
“ProPublica” tərəfindən dərc edilən hesabata görə, “Microsoft” 2021-ci ildə Ağ Evdə keçirilən sammitdə ABŞ federal hökumətinə ümumi dəyəri 1,5 milyard dollar olan bir sıra kibertəhlükəsizlik xidmətləri təqdim etməyi öhdəsinə götürüb.
“Ağ Evin Təklifi” kimi tanınan proqram dövlət qurumlarına “Microsoft 365” “Government G5” təhlükəsizlik paketinə giriş imkanı verir. G5 paketi təhlükəsizlik və uyğunluq funksiyaları ilə məşhurdur və G3 versiyasından 60% bahadır.
Hesabatda iddia olunur ki, “Microsoft” bu təklif sayəsində dövlət qurumlarının “Microsoft” xidmətlərindən asılılığını artırıb. İddialara görə, bu yolla şirkət “Amazon Web Services” (AWS) kimi əsas rəqibləri üzərində üstünlük əldə edir.
“Microsoft”un Federal Təhlükəsizlik Texnologiyalarının rəhbəri Steve Faehl verdiyi açıqlamada deyib: “Məqsədimiz yalnız federal agentliklərin üzləşdiyi kompleks kiber təhlükələrə cavab vermək idi. Bu öhdəlik sırf hökumətin təcili tələbinə cavab vermək idi”.
“Amazon” kimi nəhəng şirkətlər vəziyyətdən razı deyillər. O, “Microsoft”un yanaşmasını tənqid edir və bunun bazar rəqabətinə mənfi təsir etdiyini iddia edir. İddia olunur ki, “Microsoft”un bulud xidmətlərini bu şəkildə önə çəkməsi texnologiya təchizatında dövlət qurumlarının müxtəlifliyini azaldır.
Ağ Evin sözçüsü məsələyə aydınlıq gətirib: “Bu, “Microsoft” tərəfindən tamamilə könüllü bir öhdəlik idi və bütün məsuliyyət onların üzərinə düşür. Qarşıdakı dövrdə həyata keçiriləcək hüquqi araşdırmalar bu strategiyaların rəqabət qaydalarına uyğun olub-olmadığını müəyyən edəcək”.