Azərbaycanın ən böyük çayları olan Kür və Araz çaylarında sululuq azalmağa doğru gedir. Son məlumatlara görə, Kürün suyu 27 %, Arazın suyu isə 34,6% azalıb.
Index.az xəbər verir ki, bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Meliorasiya və Su Təsərrüfatı obyektlərinin istismarı şöbəsinin baş məsləhətçisi Riad Axundzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda su qıtlığı ilə üzləşəcək ölkələr sırasındadır.
“Şirin su ehtiyatlarının 29,9%-i ölkə ərazisində formalaşır, qalan 70,1%-i isə xaricdə formalaşaraq transsərhədd çayları vasitəsi ilə Azərbaycan ərazisinə gəlir. Bu da Azərbaycanın su təsərrüfatını yağıntıdan asılı hala salır.
Azərbaycanın ümumi suvarılan torpaq sahələri 1 milyon 443 min hektardır. Suvarma kanallarının ümumi uzunluğu isə 52 000 km-dir. Bu kanalların 73%-i torpaq məcralı kanallardır.
Aparılan araşdırmalara görə, qlobal istiləşmənin təsiri olaraq 2040-cı ildən etibarən bir sıra ölkələr su qıtlığı ilə üzləşəcək. Təəssüf ki, bu ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur.
Son illər bir sıra əsas çaylarımızda suyun həcmi azalıb, bir hissəsində isə artım müşahidə edilir. Əsasən başlanğıcını Rusiya və İrandan götürən çayların sululuğu azalır”, – deyə o, qeyd edib.