Bələdiyyələr üçün daha bir xərc – məlumatlar ödənişli olacaq

Torapq vergisinin hesablanamsı ilə bağlı bələdiyyələrin reyestrdən əldə etdikləri məlumatların bir qismi ödənişli olacaq.

İndex.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən, “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edililib.

Yeniliyi şərh edən hüquqşünas Şəhriyat Həbilov İndex.az-a bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-1-ci maddəsinə uyğun olaraq bələdiyyələrə qanunla müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi məqsədilə dövlət reyestrindən məlumatların verilməsi ayrıca qaydalarla müəyyən edilir.

“Buna müvafiq olaraq həmin “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə Qərara düzəliş edilib. Belə ki, əvvəlki qaydalara əsasən bələdiyyələrin yazılı və ya elektron sorğularına əsasən dövlət reyestrindən aşağıdakı məlumatlar verilirdi:

– fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədi ilə bələdiyyə ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış fiziki şəxslər, onların binanın sahəsindəki payları, mülkiyyətdə olan tikililərin və ya onların hissələrinin ölçüləri və ünvanı, həmçinin onların mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri, ünvanı və kateqoriyası barədə”.

Hüquqşünasın sözlərinə görə, yeni düzəlişə əsasən torpaq vergisinin hesablanması ilə əlaqədar reyestrdən aşağıdakı məlumatlar verilə bilər:

– Fiziki şəxsin Vergi Məcəlləsi üzrə xüsusi mülkiyyətində olan binalar, su və hava nəqliyyatı vasitələri ilə əlaqədar əmlak vergisinin hesablanması;

– təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə;

– Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə;

– Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqları üzrə torpaq vergisinin hesablanması ilə əlaqədar.

Qərara əsasən, həmin məlumatları əldə etmək istəyən bələdiyyələrdən xidmət haqqı tutulacaq.