“Telegram”a yeni funksiya gəlir

“Telegram” mesenceri video platforma olmaq yolunda ilk addımını atıb.

İndex.az xəbər verir ki, bu barədə mesencerin qurucusu Pavel Durov özünün “Telegram” kanalında yazıb.

Sahibkarın sözlərinə görə, indiyədək “Telegram”da müxtəlif çat və kanallarda videolar paylaşıldığı formatda nümayiş etdirilirdi. Bu səbəbdən istifadəçilər telefonlarına gigabaytlarla məlumat endirilməsini və videoların tam yüklənməsini gözləmək məcburiyyətində qalırdılar. Bununla yanaşı, mesencerin təsisçisi vurğulayıb ki, hətta qısa yazılara baxanda belə problemlər yaranırdı.

“Bugünkü yeniləmə ilə “Telegram” serverləri populyar videoları bir neçə keyfiyyət variantına sıxışdıracaq və onları yayım üçün optimallaşdıracaq”, – P.Durov qeyd edib.

O aydınlaşdırıb ki, bu yenilik sayəsində mesencer konkret videonu hansı keyfiyyətdə göstərməyi avtomatik seçməyə başlayacaq. Bu prosesdə hər bir fərdi istifadəçinin cihazında internet bağlantısının sürəti əsas rol oynayacaq.