“Qarabağ” Azərbaycanın “Ayaks”ıdır.
İndex.az-ın məlumatına görə, bunu hər iki klubda çıxış etmiş niderlandlı futbolçu Raydell Pupon Amsterdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.
Hazırda ölkəsinin DWS həvəskar komandasının formasını geyinən 37 yaşlı vinger komandaların Avropa Liqasında gerçəkləşəcək oyunu barədə danışıb:
“Bu qarşılaşmada “Ayaks”ın qələbə qazanacağını gözləyirəm. “Qarabağ” ölkənin ən titullu komandasıdır. Mənim dövrümdəki baş məşqçi hələ də oradadır. Qurban Qurbanov klubda böyük fiqurdur”.
O, Ağdam təmsilçisinə keçidini də xatırlayıb:
“Uzun müddət Niderlandda çıxış edirdim. Fərqli bir şeyə hazır idim. 2015-ci ildə “Qarabağ” “qapını döydü”. Amma klub haqqında heç nə bilmirdim. Onlar Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edirdilər. Getməyimin əsl səbəbi bu idi. Bakı gözəl şəhərdir, Dubaya bənzəyir. Böyük binalar var və o qədər də isti deyil. Orada insanlar rus və türk dillərində də danışırlar. Mənim isə hər zaman tərcüməçim olurdu”.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Raydell Pupon 2015-ci ilin yayından 2016-cı ilin yanvarına qədər “köhlən atlar”da çıxış edib. O, 2004-2006-cı illərdə “Ayaks”ın aşağı yaş qruplarından ibarət komandalarında, 2006-2008-ci illərdə isə əsas heyətində yer alıb.