Dollar alanda vergi hesablanır, maşın alanda yox – ETİRAZ

Dövlət Vergi Xidmətinin vətəndaşlardan xəbərsiz onlara vergi borcu hesablaması barədə daha bir kütləvi etiraz baş qaldırıb. Təxminən 2 il əvvəl evdə saxladıqları şəxsi vəsaitlərini xarici valyutaya çevirərək yenidən evdə saxlamağa qərar verən vətəndaşlar bir müddət sonra məhkəmə icraçıları ilə qarşılaşıblar. Məlum olub ki, onlar dollar almaq üçün banklara müəyyən edilən limiti keçdikləri üçün Dövlət Vergi Xidməti həmin vətəndaşları sahibkar kimi qeydiyyata alaraq vergiyə cəlb edib. Amma heç birinin bundna xəbəri olmayıb. Bu müddətdə borclar və cərimələr üst-üstə toplanıb, nəhayət, məhkəmə qurulub.

Gəncə şəhərində yaşayan vergi qurbanlarından biri Vüqar Şəmmədov başına gələnləri İndex.az-la bölüşüb. Onun sözlərinə görə, 2020-ci ildə evində illərlə manat-manat topladığı pulu bankda xarici valyutaya çevirib. Pandemiya dövründə isə onun “biznesmen” olması üzə çıxıb, xeyli vergi borcu “yaranıb”:

“2015-ci ildə Azərbaycanda gözlənilmədən devalvasiya oldu. Xeyli insanlar gəlirlərindən məhrum oldular. Mən də illərdi işləyirəm, anam da. Qazandığımızın bir hissəsini evdə toplayırdıq. Atam da rəhmətə gedəndə müəyyən məbləğdə pulu qalmışdı. Təxminən 2 il əvvəl ekspertlər mediada çıxış edərkən dolların yenidən bahalaşacağını bildirdilər. Bu çıxışlar məni təşvişə saldı. Şəhərdə də bir ajiotaj vardı. Bankların qarşısında uzun növbələr yaranmışdı. Hər kəs əlində olan pulu dollara çevirib saxlamağa qərar vermişdi. Düşündüm ki, dollar bahalaşar, planlaşdırdığım işlərim təxirə düşər. Ona görə evdə saxladığım vəsaitlərimi dollara dəyişməyə qərar verdim. Gəldim banka və dollar aldım. Orada mənə heç kim limit barədə məlumat vermədi. Ümumilikdə 15 500 dollar vəsait almışam. Təxminən 25 min manat verdim. Sonra pandemiya başladı. İşsiz qalan şəxslərə 190 manat müavinət verilirdi. Yoldaşım da müraciət etdi və ona birinci dəfə bu müavinəti verdilər. İkinci mərhələdə isə vermədilər. Mən səbəbini öyrənməyə çalışdım. Məşğulluq İdarəsində elektron sistemdə baxdılar və mənə bildiridlər ki, sənin adına VÖEN açılıb”.

Məlumatı ciddiyə almayan V.Şəmmədov bunun dollar aldığına görə olmasını ağlına belə gətirməyib. Məsələni aydınlaşdırmaq üçün 12 saylı Ərazi Vergilər İdarəsinə müraciət edib:

“Düşündüm ki, kimsə saxtalıq edib adıma aça bilər, ancaq mənim heç bir fəaliyyətim yoxdu. Məsələni araşdırmaq üçün Vergilər İdarəsinə getdim. Bildirdilər ki, adıma VÖEN açılıb. Mən dedim ki, uzun müddət dövlət işində işləmişəm, qalan vaxtlarda isə usta kimi çalışmışam, amma müqaviləsiz olub. Mənim ömür boyu biznes fəaliyyətim olmayıb, tanıyanlar da təsdiq edə bilər. Sənəddə mənim imzam da yoxdu. Vergi idarəsi özbaşına mənim adıma VÖEN açıb. Dedilər dollar aldığına görə belə olub”.

Sahibkar kimi qeydiyyata alındıqdan sonra V.Şəmmədova 4000 manata yaxın vergi borcu hesablanıb. Buna etiraz edən vətəndaşın bütün aidiyyatı dövlət qurumlarına, vitse-prezidentə və Prezidentə məktubla müraciətləri də cavabsız qalıb. Məhkəmə isə özünün iştirakı olmadan keçirilib və borcun ödənilməsi ilə bağlı qərar verilib:

“Axı mən evdə illərlə topladığım pulu dəyişmişəm, bizneslə məşğul olub qazanmamışam ki, vergi tələb olunsun. Digər tərəfdən gəlir haqqında deklorasiya tələb olunması da qanunla mümkün deyil. Bunların tələbi qanunsuzdur. Həmin məktublardan sonra məni Gəncə Şəhər Polis İdarəsinə çağırdılar. Orada da bu fikirləri dedim. Vergi borcunun qanunsuz olduğunu bildirdim. Polis nəfəri mədəni surətdə mənə anlatdı ki, 5 manat pulun var, gətir bir hissəsini mənə ver. Mən nəyə görə əziyyətlə topladığım pulu kiməsə verməliyəm?Vergi İdarəsinə də etiraz etdim, borcun heç bir qanuni əsasının olmadığını bildirdim. Borcun silinməsini tələb etdim, ancaq nəticə olmadı. Bu yaxınlarda isə mənə yenidən Vergi İdarəsindən məktub gəlib. Qeyd ediblər ki, 2022-ci il üçün qazancınızı təqdim etməlisiz. Getdim dedim nə qazanc, nə danışırsız? Mən ümumiyyətlə heç bir qazancım yoxdu. Tanıdığım xeyli adamı belə vəziyyətə salıblar, ancaq onlar səslərini çıxarmırlar. Bizdən xəbərsiz məhkəmə olub. 2 ay sonra icra şöbəsindən evə məktub gəldi. İcraçılar da bizdən əl çəkmir. Bəzilərinin borcunu əmlakına yönəldiblər”.

Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov bu problem artıq 2 ildən çoxdur davam etdiyini deyib. Valyuta alışına tətbiqmolunna limitin və buna görə vətəndaşlara hesablanan verginin qanunsuz olduğunu vurğulayıb:

“Qeyri-rəsmi qaydada valyuta alışına 20 min manatlıq limit müəyyən ediblər. Limiti keçənlər üçün vergidən məktub gəlir ki, siz fərdi sahibkar kimi qeydiyyatdan keçdiz və onu gəlir hesab edirlər, oradan vergi hesablayırlar. Bu qanunsuzdur. Çünki vətəndaş gəlib pul dəyişir, manata dollar alır. O necə qazanc əldə etdi? Banka əmanət qoyanda, yaxud bahalı maşın alanda heç kəs vətəndaşı sorğulamır və ona görə ona vergi tutmurlar. Amma məhz öz pulunu xarici valyutaya dəyişəndə deyirlər bu sənin gəlirindi, vergi ver. Hardadı gəlir? Öz puluma dollar almışam. Niyə dollar alanda vergi olur, amma başqa şey alanda yox. Özbaşınalıqdı”.

Hüquqşünas xarici valyuta aldığına görə vətəndaşın soru=sual olunamsının yolverilməz olduğunu vurğulayıb. “Varidata təminatın verilməsi haqqında Konstitusiya qanununa əsasən, heç kəsdən əmlakının mənbəyini sorğulana bilməz. Hətta soruşulsa bilsə də açıqlamaya bilər.

Vəziyyətdən çıxış yolu kimi Ə.Həsənov vətəndaşların aidiyyatı qurumlara və məhkəməyə şikayət etmələrini məsləhət görüb.