Millət vəkili: “Ermənistanın vəziyyəti İrəvanın seçimindən birbaşa asılıdır”

2022-ci ilin mart ayında da qeyri-neft sektoru məhsulları üzrə ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə birinci olub. Qonşu ölkəyə 101,9 milyon dollar dəyərində ixrac gerçəkləşdirilib. Bu siyahıda Rusiya ikinci (30,4 milyon dollar) və Gürcüstan üçüncü (19,3 milyon dollar) yerdə olub.

Mütəxəssislər Türkiyənin qeyri-neft ixracatımızda önə çıxmasını Azərbaycanda qardaş ölkəyə göndərilən məhsulların müqayisəli şəkildə daha çox şaxələndirilməsi ilə əlaqələndiriblər. Rusiya-Ukrayna müharibəsi kontekstində şimal qonşumuz ilə ticarə əlaqələrin əvvəlki il ilə müqayisədə azalması da istisna edilmir. Bu barədə fikirlərini İndex.az-la bölüşən millət vəkili Vüqar Bayramov Azərbaycanın qeyri-neft ixracında Türkiyənin payının artmasının gözlənilən olduğunu deyib:

“Bir tərəfdən Rusiya ilə müqayisədə Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı şaxələnib. Digər tərəfdən, 2 ölkə arasında Preferensial Ticarət Sazişi imzalanıb. Bununla ölkələrin 15 əsas mal qrupu üzrə rüsum və kvota olmadan idxal-ixrac əməliyyatlarının həyata keçirməsinə imkan yaranıb. Artıq qeyri-neft ixracatımızın strukturu dəyişməkdədir. Bu ilin ilk rübündə Azərbaycandan Türkiyəyə 255.2 milyon dollarlıq qeyri-neft məhsulu göndərilib. Rusiyaya isə cəmi 149,4 milyon dollar neftdən kənar məhsul göndərilib. Qardaş Türkiyəyə göndərdiyimiz qeyri-neft məhsulunun həcmi Rusiya ilə müqayisədə 1,7 dəfə çoxdur. Bu müddətdə qeyri məhsullarının 47.4 milyon dolları Gürcüstan, 33.3 milyon dolları İsveçrə, 28.9 milyon dolları isə ABŞ-a ixrac olunub”.

Xatırladaq ki, bu yaxınlarda İran tərəfi də Azərbaycanda Preferensial Ticarət Sazişinin imzalanacağı barədə anons edib. V.Bayramov hesab edir ki, digər ölkələrlə, xüsusilə qonşu dövlətlərlə oxşar addımlar atılarsa, nəticədə həmin ölkələrlə xarici ticarət dövriyyəsinin artmasına gətirib çıxara bilər:

“Amma nəzərə alaq ki, Azərbaycan üçün prioritet məqam inkişaf etmiş ölkələrin, o cümlədən Avropa Birliyi bazarına daxil olmaqdır. Çünki Avropa Birliyi alıcılıq qabiliyyəti baxımından böyük potensiala malik olan bir qitədir. Bu bazara daxil olmaq həm də dayanıqlıq baxımından vacibdir”.

Millət vəkili qonşu ölkələrlə ticarətin genişləndirilməsinin nəqliyyat xərclərinin azlığı baxımından da diqqət çəkdiyini vurğulayıb. Bu səbəbdən ölkələrin qonşuluqda yerləşən dövlətlərlə xarici ticarət əlaqələrinin genişləndirilməsində daha çox maraqlı olduqlarını deyib:

“Azərbaycan regionda əməkdaşlığı dəstəkləyən və bu istiqamətdə addım atan ölkələrdəndir. Bu konteksdə Azərbaycan Ermənistanla da sülh müqaviləsi bağlamaq və ölkələrin ərazi bütövlüyünü tanıyaraq regionda qonşuluq siyasətinə üstünlük verən dövlətdir. Növbəti mərhələdə Ermənistanın mövqeyi, hətta yumşaq desək vəziyyəti İrəvanın seçimindən birbaşa asılı olacaq. Çünki revanşist meyllər Ermənistan üçün iqtisadi baxımdan yaxşı heç nə vəd etmir. Əgər Ermənistan da regional əməkdaşlıq platformasında iştirak etmək istəyirsə, qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyıb ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirməlidir”.