İşçilərin ödənişlərini yanlış hesablayan sahibkarlar cərimələnir – MƏBLƏĞLƏR

İşçilərin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin və digər ödənişlərinin hesablanmasında qanun pozuntularına yol verən sahibkarlar cərimə edilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində cərimə məbləğləri də göstərilib.

Bununla bağlı konkret halları izah edən iqtisadçı Anar Bayramov əvvəllər bu halın ancaq əməkhaqqı və məzuniyyət ödənişlərinə aid edildiyini deyib. 20 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna əsasən, 192.4-cü maddəyə “məzuniyyət haqlarının” sözlərindən sonra “ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin” sözləri əlavə edilib:

“Ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin düzgün hesablanmamasına görə inzibati cərimələrin tətbiqi həmin Qanunun qəbulundan sonra qüvvədədir. Tutaq ki, işəgötürən 500 manat son haqq-hesab hesablayıb, işçi ay ərzində 2 iş günü ödənişsiz məzuniyyətdə olsa da, mühasibatlıq bölməsi kadrlar şöbəsinin təqdim etdiyi səhv məlumat əsasında 3 iş gününü ödənişsiz məzuniyyət kimi nəzərə alıb. Bu halda dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq ediləcək. Çünki son haqq-hesabın hesablanmasında səhv riyazi deyil, hər hansı işçinin düzgün məlumat verməməsi səbəbindən baş verib”.

İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə – vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Digər halda yanlış hesablanmaya baxaq. Tutaq ki, işəgötürən işçiyə təhsil məzuniyyəti hesablayarkən iş günlərini yox, təqvim günlərini əsas götürdüyündən artıq məzuniyyət haqqı hesablayıb. Bu halda işəgötürən tərəfindən işçiyə artıq məbləğ ödənilsə də, onun hüquqi əsası, əmək normasının yaxşılaşdırılması ilə bağlı hər hansı daxili sənəd yoxdur. İşçiyə artıq ödənilmə işəgötürənin səhvi ucbatından baş verib.  Bu səbəbdən də dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq edilə bilər.

İşəgötürən 2 işçinin məlumatlarını qarışdırdığından hər iki işçiyə səhv əmək haqqı hesablayarsa, bu cür səhvinə görə həmin maddəyə uyğun inzibati cərimə tətbiq edilə bilər.

A.Bayramov dəyişikliyin ezamiyyə xərclərinə də aid edildiyini vurğulayıb:

“Tutaq ki, işəgötürən Gəncə şəhərinə ezam olunan işçiyə ezamiyyə normasını 65 manatdan hesablayıb. Amma “Ezamiyyə xərclərinin normaları haqqında” Qərara əsasən, Gəncə şəhərinə ezamiyyə xərclərinin 1 günlük norması 70 manat müəyyən edilib. Vəzifəli şəxsin normativ-hüququ aktları bilməməsi səbəbindən səhv hesablama aparması onu məsuliyyətdən azad etmir. Bu halda da dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq edilə bilər”.

Bəs İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində qeyd edilən “riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla” dedikdə, hansı hallar nəzərdə tutulur? Ekspert bu məsələyə aydınlıq gətirərək bildirib ki, riyazi səhv dedikdə, çıxma, toplama, vurma və bölmə nəticəsində baş verən səhv başa düşülür. Məsələn, sahibkar “Excel” formatında hazırladığı əmək haqqı cədvəlində işçinin vergi güzəşti sütunundakı 100 manatı azaltmaq əvəzinə əlavə edib. Bu halda baş verən səhv riyazı hesablama prosesində yol verilən nöqsan kimi qiymətləndirilir.