“Azərbaycandan keçməklə Türkiyədən Rusiyaya yükdaşımalar kəskin artacaq”

“Ukraynada müharibənin davam etməsi Azərbaycandan tranzit yükdaşımlara tələbi kəskin artırıb”.

Bunu açıqlamasında Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın deyib. Onun sözlərinə görə, Türkiyədən Rusiyaya yükdaşımalar əsasən Ukrayna üzərindən aparılırdı. Hazırki müharibə şəraitində bu marşrut üzrə daşımalar mümkün deyil. Sərhədlərin bağlanması ilə bağlı Polşa üzərindən də daşımalarda çətinlik yaranıb. Gürcüstan üzərindən isə Rusiyaya gündəlik 50-100 yük avtomobili keçə bilir. Halbuki, tələb gündəlik 400-500 yük avtomobilidir.

Cemal Yanğın bildirib ki, Türkiyədən Rusiyaya yüklərin çatdırılması üçün bir neçə marşrut nəzərdən keçirilir. Trabzon-Samsun-Poti marşrutu üzrə Ro-Ro gəmiləri ilə daşımaların həyata keçirilməsi planlaşdırılır. Amma Qara dənizdə Ro-Ro tipli gəmilərin (Bu tip gəmilərdən təkərli nəqliyyat vasitələrinin daşınmasında istifadə olunur) az olması bu marşrutun əhəmiyyətini azaldır. Digər tərəfdən, xarici təkrarsığorta şirkətləri Rusiyaya sanksiyalar səbəbindən yüklərin sığortasından imtina edə bilər. Burada da dövlət zəmanətinə ehtiyac yaranır.

Cemal Yanğın hesab edir ki, mövcud vəziyyətdə Azərbaycandan keçməklə Türkiyədən Rusiyaya və əks istiqamətdə yükdaşımalar artacaq.

Bununla belə, ATİB sədri dəmiryolu nəqliyyatının tələbi qarşılaya bilməyəcəyini deyib: “Vaqon və konteyner qıtlığı yaranıb. Rusiya vaqonların böyük hissəsini müharibəyə cəlb edib. Azərbaycanda isə yük vaqonlarının sayı azdır. Yükdaşımalarının böyük hissəsi yenə də TIR-larla bağlı olacaq”.