Ölkəyə idxal edilən məhsulların dəyəri 15% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal edilən məhsulların dəyəri 15% artaraq 4,1 mlrd. ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, idxal edilən yeyinti məhsulları ümumi idxalın 17,3% təşkil edib.

“İdxal edilən məhsulların strukturuna baxdıqda əsas hissəni maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri tutub. Sözügedən istiqamət üzrə idxalın çox olmasının əsas səbəbi aşağı, orta və yüksək texnoloji məhsulların bir qrupda cəmlənməsi ilə birbaşa bağlıdır”, – məlumatda bildirilir.

İqtisadiyyatın bütün sektorları üçün tələb edilən kapital tutumlu məhsullar, habelə, vətəndaşlar tərəfindən ev şəraitində istifadə olunan avadanlıqların hər biri bu qrupda cəmləşib. Müxtəlif sinifli texnologiya məhsullarının və onların avadanlıqlarının ümumi idxalda payı 25% təşkil edib.

“Digər məhsulların strukturunu təhlil etdikdə isə əsasən tikinti-inşaat məqsədli məhsulların üstünlük təşkil etdiyi ehtimal etmək mümkündür. Xüsusilə, oduncaq və ondan hazırlanan məhsullar, qara metallar, plastmassa və onlardan hazırlanan məhsulların böyük hissəsi tikinti sektoru, digər hissəsi isə yerli istehsalda aralıq məhsul kimi istifadə edilib”, – məlumatda qeyd edilir.

Mənbə – APA