“Toyota” istehsalı qismən dayandıracaq

Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota Motor mayın ortalarında Yaponiyadakı səkkiz zavodunda istehsal xətlərinin bir hissəsini müvəqqəti olaraq dayandıracaq.

İndex.az xəbər verir ki, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

İstehsal mayın 16-dan 14 konveyerdə maksimum altı günə dayanacaq. Buna səbəb koronavirusla bağlı vəziyyətə görə müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu Çindən komponentlərin tədarükündə yaranan fasilələrdir.

Yarımkeçirici çatışmazlıqları səbəbindən Toyota Motorun bu ay Yaponiyada və xaricdə avtomobil istehsalı təxminən 700 min ədəd olacaqdır. Bu, ilkin nəzərdə tutulduğundan təxminən 130 min ədəd azdır.

2021-ci ildə Toyota 10 milyon 495 min 548 avtomobil satıb ki, bu da dünyada ən yüksək göstəricidir. Eyni zamanda, yeni avtomobillərin istehsalı 2020-ci illə müqayisədə 9,4% artaraq 10 milyon 76 min 246 ədədə çatıb.