Türkiyədə dollar 15 lirəni keçdi

Türkiyədə ABŞ dollarının məzənnəsi daha bir psixoloji həddi keçib.

İndex.az xəbər verir ki, mayın 9-da 1 ABŞ dolları lirə qarşısında 1% bahalaşaraq 15 lirə səviyyəsini geridə qoyub. Xatırladaq ki, 2022-ci ilin əvvəlində Türkiyədə ABŞ dollarının məzənnəsi 13,3 lirə, bir il əvvəl, 2021-ci ilin mayında isə 8,33 lirə idi.

Başqa sözlə, ilin əvvəlindən bəri Türkiyədə dollar 1,8 lirə və ya 13,5% bahalaşıb.

Son ibir ildə isə Dolların lirə qarşısında məzənnəsi 6,8 lirə və ya 80% bahalaşıb.

Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi 15 dolları bir dəfə keçib. 2021-ci ilin dekabrın 16-17-də Türkiyə birjalarındakı qısamüddətli gərginlik səbəbindən dollar 16,4 lirəyədək yüksəlmiş, amma iki gün sonra 10 lirəyə enmişdi.

Bundan sonra isə dolların məzənnəsinin tədricən  amma davamlı artımı davam edib.

Hazırda Türkiyə birjalarında dolların məzənnəsi 15,1118-15,1125 lirə arasında dəyişir.

Dollarla yanaşı, Türkiyədə avro da bahalaşaraq 15,9975 lirəyə yüksəlib.