Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Belə ki, yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri, 95 və 95 oktandan yuxarı benzinlər istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.

Bəs bu endirimlərin benzin qiymətlərinə təsiri olacaqmı?

İndex.az mövzu ilə əlaqədar deputat Vüqar Bayramov ilə əlaqə saxladı.

İndex.az-a danışan Vüqar Bayramov bildirdi ki, endirimin səbəbi Aİ 92 markalı benzini istehsal edən zavodda görülən yenidənqurma işləridir:

"İdxal olunan benzin üçün həm rüsumun, həm də aksiz dərəcələrinin azaldılması xərcin azaldılmasına birbaşa təsir göstərəcək. Digər tərəfdən yeni qərar tələbin ödənilməsində də köməklik göstərəcək. Yenidənqurma işləri ilə bağlı olaraq istehsalın azalması gözləniləndir. Belə olduqda idxal hesabına tələbin ödənilməsi təmin edilməlidir. Beləliklə, həm idxal xərcinin azaldılması, həm Aİ 92 markalı benzin üçün qiymətin qorunub saxlanılması, həm də, tələbin ödənilməsində çətinliklərin yaranmaması üçün bu qərar qəbul edilib.

Qeyd edim ki, yeni qərarın Rusiyanın tədbiq etdiyi qadağalarla heç bir əlaqəsi yoxdur. Çünki Rusiya oktan dərəcəsi 95-dən yüksək benzinlər üçün qadağa tədbiq edib. Qiymətlərin azalması məsələsi isə birbaşa Tarif Şursı ilə bağlı bir məsələdir. Çünki ölkəmizdə benzin qiymətlərini bazar tənzimləmir. Qərarı yalnız Tarif Şurası verə bilər".

İqtisadçı ekspert Vüqar Oruc isə endirim sayəsində qiymətlərin 0.20 AZN ucuzlaşa biləcəyini qeyd edib:

"Bu qərar idxal olunan benzinin hər tonu üçün nəzərdə tutulub. 1 tonda 1000 litr benzin olduğunu nəzərə alsaq təxminən hər litr üçün 0.20 AZN endirim olunmalıdır. Lakin əvvəllər də belə hallar olduğu üçün hansısa endirimin olacağı gözlənilmir. Qərar birbaşa olaraq idxal xərcinin azaldılması, Aİ 92 markalı benzin üçün qiymətin qorunub saxlanılması və tələbin ödənilməsində çətinliklərin yaranmaması üçün qəbul edilib".