2025-ci ilin 11 ayının nəticələrinə görə, Rusiya iqtisadiyyatının artım tempi 2024-cü ilin göstəricisi ilə müqayisədə dörd dəfədən çox yavaşlayıb və bir faiz təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə "TASS" agentliyi Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesabatına istinadən məlumat yayıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, ÜDM-in artımı 4,3 faiz təşkil edib.
Qeyd olunub ki, payızın sonlarına doğru yavaşlama daha da güclənib. Noyabrda illik ÜDM artımı oktyabrda təxmin edilən 1,6 faizlə müqayisədə cəmi 0,1 faiz təşkil edib.
Ukraynada müharibənin başlamasına cavab olaraq Qərb ölkələrinin tətbiq etdiyi kütləvi sanksiyalar Rusiyanın ümumi daxili məhsuluna (ÜDM) təsir edir. Transsərhəd ödənişlərlə bağlı problemlər, bir sıra xarici bankların əməliyyatlara xidmətdən imtinası, qlobal texnologiya və avadanlıqlara çıxışda çətinliklər, əsas sənaye sahələrinə təsir edən kəskin işçi çatışmazlığı, korporativ kreditlərin aşağı səviyyədə olması Rusiya şirkətlərinə ciddi təzyiq göstərir.
Mövcud reallıqda Makroİqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin ekspertləri vurğulayıblar ki, hətta əsas məzənnənin aşağı salınması da böhranı aradan qaldıra bilməyəcək.
