Uşaqların hələ kiçik yaşlardan idmanın müxtəlif növlərinə göndərilməsi valideynlər arasında artıq populyarlaşıb.
Bəs əzələsi və sümükləri tam formalaşmamış azyaşlıların birdən-birə ağır idman növləri ilə məşğul olması nə qədər doğrudur? Bunun uşaqlar üçün fəsadı varmı?
İndex.az bununla bağlı vertebroloq Röya Musayeva ilə əlaqə saxladı.
İndex.az-a danışan Röya Musayeva bildirdi ki, uşaqları müayinədən keçirtməmiş hər-hansısa bir idman növünə yönəltmək düzgün deyil:
"Uşaq idmana başlamamışdan öncə "Vitamin D", "Fosfor", "Maqnezium" və s. bunun kimi bir neçə analizlər aparılmalı, eləcədə rentgen müayinəsi olunmalıdır. Bəzən uşaqlarda anadangəlmə onurğa anomaniyaları olur. Valideynin isə bundan xəbəri olmur. Bu xəstəlik isə 7-8 yaşından sonra üzə çıxmağa başlayır. Uşaq gimnastika kimi idmanlara yönəldildikdə isə bu problem özünü daha tez biruzə verir. Hərdən bizə valideynlər müraciət edib gimnastikaya getdikdən sonra uşağın onurğasında əyriliyin yarandığını bildirirlər. Gimnastika onurğada əyrilik yaratmır. Deməli onurğanın əyilməsi ilə bağlı uşaqda hər-hansısa bir başlanğıc var imiş. Sadəcə gimnastikaya getdikdən sonra bu daha da artıb.
Uşaq istənilən idman növünə getməzdən öncə tibbi müayinədən tam keçməlidir. Daha sonra isə gedəcəyi idman növünə uyğun olaraq baza idmanı olmalıdır ki, bədən, əzələ, sümüklər həmin idmana uyğunlaşsın. Hətta biz Almaniyada yaşayarkən idmana getmək üçün müraciət etdikdə ilk 5 ay bizə baza idmanı olaraq fitneslə məşğul olmağı tapşırdılar. İndi özünüz düşünün, yetkin bir insan ağır idmanla məşğul olmaq üçün 5 ay baza idmanı ilə məşğul olmalıdırsa deməli azyaşlılarda da tibbi müayinə və baza idmanı mütləqdir".
