Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməyinin səbəbini açıqlayıb.
İndex.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, o bu barədə bu gün keçirilən hökumət iclasından sonra jurnalistlərə bildirib.
O, öz reaksiyasını tamamilə məntiqli və adekvat cavab hesab edib:
"Mən gördüm ki, bizim baş verənləri qəbul etməyi həddən artıq mürəkkəbləşdirmək meylimiz var. Məsələn, niyə bu mikrofon mavidir, o birisi isə qırmızı, niyə sarı deyil, qaradır, və artıq bunun əsasında geosiyasi nəticələr çıxır".
Paşinyanın sözlərinə görə, Ermənistanla birbaşa əlaqəli hadisə baş verəndə, ölkə buna münasibətini bildirməli və bu münasibət müsbətdirsə, onu açıq şəkildə ifadə etmək lazımdır. O, əvvəlcə Qazaxıstan, sonra Rusiya üçün buğda idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, həmçinin Ermənistandan dəmir yolu daşımalarına məhdudiyyətlərin olmaması kimi son vaxtlarda atılan bir sıra konkret addımları xatırladıb.
"Bundan əlavə, Azərbaycan neft məhsulları satmağa hazır olduğunu ifadə edib. Neft məhsulları daşıyan qatar (ilk - red.) artıq gəlib və məhsul bazara çıxıb", - Baş nazir qeyd edib.
Paşinyan vurğulayıb ki, belə hadisələrə açıq şəkildə münasibət bildirməyini düzgün sayır və Ermənistanın mövqeyinin dəqiq ifadə olunması üçün bunu müxtəlif platformalarda bilərəkdən paylaşır.
