Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlər artım göstərib.

İndex.az Azərbaycan Respublikası Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, 2025-ci ilin yanvar–noyabr aylarında bu sığorta növü üzrə sığorta haqları 636,9 milyon manat təşkil edib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,3 milyon manat və ya 16,7 faiz çoxdur. Ötən ilin yanvar–noyabr aylarında sığorta haqları 545,6 milyon manat olub.

Hesabat dövründə sığorta ödənişləri də əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2025-ci ilin ilk 11 ayında həyatın yaşam sığortası üzrə 585,1 milyon manat ödəniş həyata keçirilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 141,6 milyon manat və ya 31,9 faiz artım deməkdir. 2024-cü ilin yanvar–noyabr aylarında sığorta ödənişləri 443,5 milyon manat təşkil edib.