Vladimir Putin seçkilərdən sonra hökumətdə əhəmiyyətli dəyişikliklər edə və komandasını yeniləyə bilər.
İndex.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, seçkilərdən sonra Rusiyada, energetika naziri Nikolay Şulqinov postunu tərk edəcək.
Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev isə baş nazirin müavini olacaq.
Qeyd edək ki, “Bloomberg” bu məlumatları prezident administrasiyası və hökumətə yaxın mənbələrə istinadən paylaşıb.
Agentlik qeyd edir ki, Kreml adların və təyinatların yekun siyahısını hələ təsdiq etməsə də, prezident öz komandasını yeniləmək istədiyi üçün bəzi potensial dəyişikliklər ola bilər.
Agentliyin həmsöhbətlərindən ikisinin sözlərinə görə, Nikolay Şulqinovun yerinə gətiriləcək yeni nazirin adı artıq məlumdur.
Belə ki, Şulqinovu "Rossiya Bank"ın səhmdarı Yuri Kovalçukun oğlu, "İnter RAO"nun rəhbəri Boris Kovalçukun əvəz etməsi gözlənilir.
Ötən həftə məlum oldu ki, “İnter RAO”nun direktorlar şurası martın 14-də Boris Kovalçukun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsinə baxacaq.
“Kommersant” bu yaxınlarda bir sıra mənbələrə istinad edərək Kovalçukun yüksək vəzifəyə gedəcəyi barədə xəbər yaymışdı.
