Təhsil üzrə ekspert Kamran Əsədovun İndex.az-a müsahibəsi:
- "Kurikulum" sistemi ölkəmizdə nə vaxtdan tədbiq olunur?
- "Kurikulum” Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedoqoji termin kimi daxil olub. Mənası əski latın dilində “yol”, “istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlədilməyə başlanılıb. Amma 2008-ci ildən etibarən orta məktəblərdə tədris "Kurikulum" standartlarına uyğun olaraq həyata keçirilib. Bu, o deməkdir ki, 2008-ci ildən etibarən müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istifadə etməli idilər. Amma Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə IX snif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələri göstərdi ki, hazırda 4472 orta məktəbimizdə dərslər dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir.
- Məktəblər, müəllimlər niyə bu sistemdə dərs keçməkdən imtina edirlər?
- "Kurikulum" standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Halbuki, "Kurikulum" dünyanın inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. "Kurikulum" qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir. Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər. Amma müəllimlər 20 il ərzində əksinə olaraq ənənəvi test tapşırıqlarını, ənənəvi dərs üsullarını öyrənib, mənimsəyiblər. Hətta yeni sistemdə belə ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki, müəllimlər "Kurikulum" sistemindən istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də, şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil.
- Belə başa düşülür ki, müəllimlər bu sistemi mənimsəyə, öyrənə bilmir. Buna görə də, köhnə tədris üslubundan istifadə edirlər. Bəs müəllimlərimiz "Kurikulum"u necə öyrənə bilər?
- Hesab edirəm ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir. Çünki əmək bazarına kadrlar universitetlərdən daxil olur. Əgər istəyiriksə müəllimlər "Kurikulum"u, müasir təhsili, qiymətləndirməni bilsinlər, o zaman bu proqramı, lazimi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır.
Məktəb direktorları düzgün tədris prosesi qura bilmir.
- Kamran bəy, bildirdiniz ki, müəllimlər "Kurikulum"u belə köhnə üsulla keçir. Bunun fəsadları hansı ölçüdədir?
- Təsəvvür edin, 2017,2018 və 2019-cu illərdə "Kurikulum" standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70%-i öz ana dilindən və riyaziyyatdan 2 aldı. 70% insan minimum suala düzgün cavab verə bilmədi. Demək olar ki, 5 alan ümumiyyətlə olmadı. Bu ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmir. Bu "Kurikulum" standartlarından biri öyrədilən bilik və bacarıqların “KSQ”lərdə, “BSQ”lərdə, “Formativ”lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki, digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə yoxlanılmalıdır. Amma hələ də müəllimlər "Kurikulum"u qəbul etmək istəmirlər.
- Müəllimlər bu tədris metodunu bilmədikəri üçün "Kurikulum"dan imtina edir, yoxsa başqa səbəblər də var?
- Müəllimlər həm də düşünürlər ki, "Kurikulum" ilə dərs keçmək üçün pul lazımdır. Yəni hər dərsin hazırlanmasına əlavə vəsait tələb olunur. Həqiqətən də müəllimlər burada haqlıdırlar. Düzdür, müəllimlərin maaşları kifayət etmir ki, "Kurikulum"dan hazırlaşsın. Amma bu o demək deyil ki, onlar "Kurukulum"a hazırlaşmamalıdırlar. Əgər onlar bu sistemdə işləyirlərsə, dövlət onlara maaş verirsə, kağızla, printerlə və s. ləvazimatlarla təmin edirsə, 45 dəqiqə dərsdə oturursa, müəllim keyfiyyətli iş ortaya qoymalıdır. Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Onların çox cüzi bir hissəsi "Kurikulum"dan dərs keçir. Ən bərbad ikinci bir hal ondan ibarətdir ki, sosial şəbəkələrdə müəyyən müəllim qrupları var və burada ənənəvi üsullarla, yaxud "Kurikulum" üsulu ilə test tapşırıqları hazırlayırlar. Bütün müəllimlər eyni test tapşırıqlarını götürüb kopyalayaraq öz şagirdlərinə işlədir. Yəni heç bir əziyyət çəkmək istəmirlər. Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, bəli, orta təhsil məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri "Kurikulum"u ənənəvi üsulla həyata keçirməyə başlayırlar. Dövlət bu standartın həyata keçirilməsi üşün 30 milyon manatdan çox vəsait xərcləyib. Təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı "Kurikulum" təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, "Kurikulum" kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də "Kurikulum"u başa düşə bilmir, mənimsəyə bilmirlər. Yoxsa Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanı üçün mövzu əzbərləyib 3-5 sual yazmaqla "Kurikulum" öyrənmək olmaz.
"Kurikulum" təlimləri keçirənlər sertifikat paylamaqla məşğuldurlar.
- Qeyd etdiniz ki, "Kurikulum"un öyrənilməsi üçün lazimi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır ki, gələcəyin müəllimləri hələ tələbə olanda "Kurikulum"a uyğun müəllim kimi formalaşsın. Bəs universiteti çoxdan bitirib hazırda müəllim işləyənlər bu sahəni necə mənimsəsin?
- Təhsil Nazirliyinin bir həftəlik, 20 manata keçirdiyi "Kurikulum" təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq olmaz. Düşünürəm ki, müəllimlərimizə 2-3 günlük "Kurikulum" təlimləri ilə "Kurikulum"u mənimsədə bilmərik. Mütləq şəkildə müəllimlərimiz 6 aydan az olmamaq şərti ilə "Kurikulum" təlimlərində iştirak etməlidirlər. Təlimləri nəzəriyyə üzərində yox, praktika üzərində keçmək lazımdır. Müəllimlər üçün "Kurikulum" təlimləri təşkil edən qurumlar inanın ki, ancaq kağız üzərində təlimlər keçirlər. Ən çox da "Kurikulum" təlimləri keçirənlər sertifikat paylamaqla məşğuldurlar. O təlimləri keçənlər "Kurikulum"u dəqiq öyrənmirlər. Hesab edirəm ki, "Kurikulum" təlimlərini Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Çünki Dövlət İmtahan Mərkəzi, digər qurumlardan fərqli olaraq, daha peşəkar səviyyədə bu işi təşkil edir. Digər qurumlar isə bunu, sadəcə, formal olaraq həyata keçirirlər. Müəllimlərin biliyi bu qurum tərəfindən yoxlanarsa və yüksək nəticə göstərən müəllimlərə sertifikatlar verilərsə, bu, qısa müddətdən sonra arzuolunan nəticəni ortaya qoya bilər.
- Əgər "Kurikulum" geridə qalan bir neçə ildə nəticə vermirsə, ləğv oluna bilər?
- Ümumiyyətlə, "Kurikulum"u ləğv etmək" və ya "Bu özünü doğrultmadı" kimi ifadələri düzgün hesab etmirəm. Hörmətli təhsil ağsaqqallarımızın bu günlərdə yayılan fikirlərinin geniş izahına ehtiyac var. Müasir dünya təhsili ilə ayaqlaşmaq üçün zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik. "Kurikulum" termini proqram sözünün sinonimi kimi qəbul edilib. Ən yaxşı halda demək olar ki, bugünkü proqramlara yenidən baxmaq, günün tələbi ilə ayaqlaşdırmaq lazımdır. "Kurikulum"u ləğv edək deyərkən nəyi nəzərdə tuturuq? Mənə görə proqram tamamilə doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır. Bu sistemin bu cür olmasının yeganə səbəbi məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirməsinin düzgün aparılmamadıdır. Həyati bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında sadəcə bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirir ki, "Kurikulum" özünü doğrultmadı.
