Bakının əhalisi günü-gündən artır. Bu artımın əsas səbəblərindən biri isə rayonlarda yaşayan əhalinin yaşamaq üçün Bakıya üz tutmasıdır.

Bəs niyə insanlar yaşamaq üçün öz rayonlarının əvəzinə Bakını seçir?

Mövzu ilə bağlı İndex.az-a danışan deputat Rüfət Quliyev bildirdi ki, belə hallar demək olar ki, bütün ölkələrdə var:

"Bu urbanizasiya problemidir. Rayonlarda iqtisadi vəziyyətin yaxşı olmaması, iş yerlərinin azlığı, mərkəzi şəhərlərdə yaşayış səviyyəsinin yüksək olması və iş yerlərinin çox olması rayon əhalisini Bakıya üz tutmağa məcbur edir".

- Bu problemin qarşısını almaq üçün hansı metodlardan istifadə etmək olar?

- Regionlarda kənd təsərrüfatı ilə daha çox məşğul olmaq lazımdır. Bunun üçün dövlət tərəfindən də şərait yaradılıb. Düzdür, kənd təsərrüfatı özü də problemli bir sahədir. Kənd təsərüffatı həm mövsümü olduğu üçün, həm əziyyətli olduğu üçün, həm də bu sahədə qəzalar çox olduğundan insanlar bu işlə məşğul olmaq istəmir. Bir növ risk etmək istəmirlər. Lakin digər tərəfdən baxsaq, təsərrüfatı sığortalayaraq riski də azaltmaq olar. Mənim fikrimcə hətta həyətyanı sahəyə qurulmuş təsərrüfatla da qazanc əldə edib normal yaşamaq olar. Bununla bağlı dövlət daha çox addımlar atmağa başlayıb. Məsələn, 15 minə qədər olan kreditlər çox aşağı faizlə verilir. Verilmiş kreditlərin sığortasının və qoyulacaq girovun 50%-i dövlət tərəfindən qarşılanır. İnsanları öz rayonunda pul qazana biləcəyinə inandırmaq lazımdır.