Bəzi sosial işçilər evlərə gedərkən ya təhqir olunur, ya da evdən qovulur.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli qurumun bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, onların hüquqlarının, şərəf və ləyaqətinin qorunması vacib məsələdir:

“Qarşı tərəf bunun məsuliyyətini hiss etməlidir”.

Komitə üzvü həmçinin vurğulayıb ki, Sosial Xidmətlər Agentliyinin çətin həyat şəraitində yaşayan şəxslərlə bağlı hesabat hazırlaması tam da doğru deyil:

“Çünki agentlik əməkdaşları evə gedəndə insanları və ailəni tanımır. Gördüyü vəziyyətlə bağlı qərar qəbul edib hesabat verir. Halbuki həmin ailəni ziyarət edərkən yaxşı olar yerli icra orqanları və ya bələdiyyə nümayəndələri də edilsin. Hesabat hazırlamaq üçün nümayəndələrin iştirakı ümumi işin xeyrinə olar”.

Qeyd edək ki, komitənin bugünkü iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna təklif edilən dəyişikliklə sosial xidmətə götürülən şəxslərdən sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələb olunacaq.

Qüvvədə olan redaksiyada sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da, eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb.