ABŞ və Çin arasında yüksək texnologiyalar sahəsində gərginlik davam etdikcə, sanksiyalar da genişlənir.

İndex.az xəbər verir ki, iki ölkə arasındakı gərginliyi daha da alovlandıran növbəti proses YMTC-nin “Micron”a qarşı patent iddiası qaldırması olub.

Belə ki, YMTC, “Micron” və “Micron Consumer Products Group”a qarşı noyabrın 9-da Kaliforniyanın Şimal Bölgəsi üzrə ABŞ Dairə Məhkəməsində iddia qaldırıb.

İddiaya görə, “Micron”, YMTC-nin rəqabətinin qarşısını alaraq daha böyük bazar payı qazanmaq və qazandığı payı əlində saxlamaq üçün YMTC-nin patentləşdirilmiş texnologiyalarından istifadə edib.

“Micron”un patentləşdirilmiş ixtiralardan istifadə üçün heç bir ödəniş etmədiyi bildirilib.

YMTC açıqlamasında işlərin təfərrüatlarını müzakirə edə bilməyəcəklərini, lakin iddianın şirkətin 3D NAND texnologiyasının dizaynı, istehsalı və istismarı ilə bağlı patentlərinin pozulması ilə bağlı qaldırıldığını təsdiq edə biləcəklərini bildirib.

DRAM və NAND fləş yaddaş çipləri istehsal edən “Micron”, daha çox “Toshiba”, “Samsung”, “SK Hynix” və “Kioxia” ilə rəqabət aparır.

YMTC isə, keçən il ABŞ tərəfindən bəzi Amerika komponentlərinin alınması qadağan edilmiş daha kiçik bir rəqibdir.