İllərdir süni intellektdən kvant hesablamalarına qədər ən qabaqcıl texnologiyalarda liderliyi ələ keçirmək istəyən Çin indi elmi fantastika keyfiyyətləri ilə başqa bir sahəyə göz dikib.

İndex.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Çin səlahiyyətliləri robototexnika və əlaqəli sənayelərdə ixtisaslaşmış gənc Çin şirkətlərinə maliyyə dəstəyi verməyi hədəfləyir.

Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, hökumət yaxın iki il ərzində Çin şirkətlərinin sensor texnologiyası, hərəkətə nəzarət, eləcə də insan və maşının qarşılıqlı əlaqəsi sahəsində irəliləyişlər edəcəyini gözləyir.

Ölkə hakimiyyəti şirkətlərə bu sahədə süni intellektdən daha fəal istifadə etməyi və incə motor bacarıqları baxımından daha çevik olan insan əlləri və ayaqları şəklində manipulyatorlar hazırlamağı tapşırıb.

Çin rəsmiləri 2027-ci ilə qədər öyrənə, məntiqi nəticə çıxara və təkamül edə bilən yerli istehsal robotları görmək istəyirlər.

Hökumət inkişafın bu mərhələsində robototexnika sənayesini dəstəkləmək üçün sabit təchizat zəncirlərinin yaradılmasında iştirak edəcək.

Üç il əvvəl Cənubi Koreyanın “Hyundai Motor” şirkəti 1,1 milyard dollar ödəməklə ən qabaqcıl insanabənzər robotlar hazırlayan ABŞ şirkəti “Boston Dynamics”ə nəzarəti ələ keçirdi. Ona görə də Çin rəsmiləri ölkənin bu sahədə geosiyasi rəqiblərindən geri qalmasını istəmirlər.