Bakı və ətraf ərazilərdə daşınmaz əmlak qiymətləri davamlı olaraq artmaqda davam edir. Qiymətlərə nəzər saldıqda bəzi ərazilərdəki 1 sot torpağın qiymətinin başqa ərazidə təmirli ev qiyməti ilə bərabər olduğunu görə bilirik.

Bəs qiymətlərin davamlı olaraq artmasının səbəbləri nədir? Suallarımızı cavablandırması üçün daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevlə əlaqə saxladıq.

Ekspert İndex.az-a verdiyi açıqlamada bildirdi ki, 20 il əvvələ nəzər salsaq görərik ki, daşınmaz əmlak qiymətləri bu gün 10-15 qat bahalaşıb:

"Qiymətlərin artmasının əsas səbəblərindən biri ərazidə yaşayış massivlərinin artmasıdır. Diqqət etsək görərik ki, Bakı şəhəri artıq Xırdalan şəhəri ilə, Xırdalan şəhəri Ceyranbatan qəsəbəsi ilə, Ceyranbatan qəsəbəsi isə Sumqayıt şəhəri ilə birləşib. Bu birləşmənin səbəbi isə çox sayda fərdi evlərin tikilməsidir. Hansı ki, əvvəlki illərdə bu ərazilərdə yaşayış massivlərinin olacağını düşünmürdük. Azərbaycanın elə bölgələri var ki, həmin ərazilərdə torpaq qiymətləri Bakıdakı qiymətlərlə demək olar ki, eynidir. Lakin qiymətlərin çox ucuz olduğu bölgələr də var. Bunun səbəbi isə həmin bölgələrdə iqtisadi vəziyyətin yaxşı və ya pis olmasıdır. Bakıda iş yerlərinin çox olması və iqtisadi durumu pis olan bölgələrdən Bakıya olan axın qiymətlərin yüksəlməsinə birbaşa təsir edir. Buna görə də, bu gün artıq biz Bakı ətrafında istənilən yerdən alacağımız daşınmaz əmlak ilə həm də yatırım etmiş oluruq".

- Daşınmaz əmlak almaq istəyən insanların əsas problemlərindən biri də sənədlərin olmamasıdır. Çıxarış almaq isə müşkilə çevrilib. Daşınmaz əmlak üçün sənəd almaq niyə bu qədər çətindir?

- Bəli, hal-hazırda ən böyük problemlərdən biri insanların sənədsiz torpaq almasıdır. Sənədləşmə prosesi isə ölkəmizdə böyük problemə çevrilib. Səbəbi isə torpaq təyinatlarının fərqli olmasıdır. İnsanlar kənd təsərrüfatı və əkinçilik üçün təyin edilmiş torpaq sahələrində məskunlaşır. Nəticədə isə çıxarış ala bilmirlər. Çünki qanuna əsasən torpaq sahəsinin təyinatı nədirsə, üzərində görülən iş də təyinatına uyğun olmalıdır. Əgər dövlət tərəfindən kənd təsərrüfatı üçün təyin olunmuş torpaq üzərində ev tikilirsə, bu qanunsuzdur.

- Şəhərətrafı ərazilərə nəzər saldıqda, qiymət artımlarının paralel getmədiyini, eyni müddət ərzində müxtəlif ərazilərdə qiymətlərin bir-birlərindən fərqli artdığının şahidi oluruq. Bəs bu ərazilərin qiymət artımlarındakı müxtəlifliyin səbəbi nədir? Daşınmaz əmlak alarkən, aldığımız torpaq və ya evin bir müddət sonra nə qədər dəyərlənəcəyini necə təxmin edə bilərik?

- Torpaq alınarkən torpaq sahəsinin yaşayış massivi olmasına diqqət yetirmək lazımdır. Neft və ya kənd təsərrüfatı üçün təyin edilmiş torpaqları almaq sənədləşmə ilə bağlı problemlərə yol açır. Axının hansı istiqamətdə olması da diqqət etməli olduğumuz məsələdir. Hal-hazırda şəhər əhalisinin əksəriyyəti Mərdəkan, Buzovna, Maştağa istiqamətində axın edir. Bölgələrdən paytaxta köç edənlər isə əsasən Xırdalan, Masazır və Ceyranbatan istiqamətində məskunlaşır. Məsələyə turizm cəhətdən nəzər salsaq Bayıl və Qaradağ istiqamətində yatırım etməyi məqsədəuyğun hesab edirəm. Çünki bu ərazilərin boş və dəniz mənzərəsinə sahib olması sözügedən ərazilərin gələcəkdə turizm zonasına çevrilməsi üçün əlverişli şərait yaradır. Belə olduqda isə, həmin ərazilərin qiymətləri bir anda sıçrayış edərək bahalaşacaq.