"MİDA alıcıları satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər. Serverlərin eyni anda yüklənməsi səbəbindən bir çox istifadəçi xəta ekranı ilə qarşılaşıb".
İndex.az xəbər verir ki, bu sözləri İT üzrə ekspert Fərid Pərdəşünas öz "Facebook" hesabında yazıb.
"Paralel olaraq bəzi istifadəçilərin sorğuları isə emal olunub. Eyni anda serverə daxil olan sorğuların çoxluğu platformaya girişdə çətinliklər yaradıb. İstifadəçilər seçimlərin növbəti addımına keçid edə bilməyiblər.
Bəzi istifadəçilərin xəta ilə üzləşməsi və bəzilərinin seçim edə bilməsi texniki cəhətdən mümkün haldır. Amma bu, ədalətli yarışın təşkili demək deyil. Vətəndaşlar bərabər imkanlarla satışda iştirak etməlidirlər.
Düşünürəm ki, artıq Milli Məclis və aidiyyəti qurumlar bu qanuna düzəlişlər təklif etməli və güzəştli mənzillərin sürət hesabına yarış formasında verilməsi dayandırılmalıdır. Ən ədalətli yanaşma istifadəçilərin böyük bir stadionda toplanıb, canlı püşkatma ilə seçimdə iştirakını təmin etməkdir", - Fərid Pərdəşünas deyib.
