2023-cü il ərzində “Azər-Türk Bank”ın kredit portfeli artıb.
İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 447.399 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 321.723 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 125.676 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 85.829 milyon manat artaraq 229.304 milyon manat, biznes kreditləri 8.254 milyon manat artaraq 43.490 milyon manat, daşınmaz əmlak kreditləri isə 31.593 milyon manat artaraq 174.605 milyon manat təşkil edib.
Beləliklə, “Azər-Türk Bank”ın kredit portfelinin 51%-dən çoxunu istehlak kreditləri təşkil edir.
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur. Prezident İlham Əliyevin bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
