Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard inflyasiyanın 2%-lik hədəfə doğru getdiyinə əmin olduqdan sonra bankın uçot dərəcələrini azaltmağa başlayacağını açıqlayıb.

Cümə axşamı "Fransa 2 TV"yə verdiyi müsahibədə Laqard, uçot dərəcəsinin azaldılması üçün dəqiq bir tarix deməyin çətin olduğunu bildirdi:

"Ancaq deyə bilərəm ki, bu müharibədə qalib gəlsək, proqnozlaşdırdığımız kimi 2025-ci ildə 2%-ə çatsaq və yaxın aylarda əldə edəcəyimiz məlumatlar bunu təsdiqləsə, o zaman əlimizdə olan bu dəqiq məlumatla faizləri aşağı salmağa başlayacağıq”.

Digər tərəfdən, AMB rəsmiləri inflyasiyanın kəskin yavaşlamasından sonra uçot dərəcələrində ilk azalmanın vaxtı ilə fərqli açıqlamalar verib.

İnvestorlar bu il nəzərdə tutduqları 6 faiz endirimindən birincisinin aprel ayında baş verə biləcəyini düşünsələr də, əksər siyasətçilər ilin ortasının daha real olduğunu söyləyirlər.