Erməni əsirliyindən azad olunan Hüseyn Axundov: “Səhhətim yaxşıdır”

“Səhhətim yaxşıdır və sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır”.

İndex.az xəbər verir ki, “Report”un Qazaxa ezam olunmuş əməkdaşının məlumatına görə, bunu erməni əsirliyindən azad olunaraq Azərbaycana təhvil verilən Hüseyn Axundov deyib.

O bildirib ki, Azərbaycana döndüyü üçün çox xoşbəxtdir.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.