“Toyota” bir ildə 10 milyondan çox avtomobil satmağı bacardı

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Toyota” sektorla bağlı diqqətçəkən açıqlamalar verib. Edilən açıqlamalarda şirkətin 2023 maliyyə ilində istehsal və satış rəqəmləri paylaşılıb.

İndex.az xəbər verir ki, “Toyota”nın verdiyi açıqlamalar həm müsbət, həm də mənfidir. Şirkət tarixində ilk dəfə olaraq bir ildə 10 milyon ədəd satış rəqəmini ötüb.

Uzun illər dünyanın ən çox satılan avtomobil markası olan şirkət bununla da yeni bir çığır açıb. Bununla belə, şirkət 2023-cü ildə hədəflənmiş istehsal sayına nail ola bilmədi.

Yapon avtomobil nəhənginin verdiyi açıqlamaya görə, 2023 maliyyə dövründə satışlar illik yüzdə 7,3 artımla 10,31 milyon olaraq qeyd edildi. Beləliklə, “Toyota” üçün 10 milyon limiti ilk dəfə aşıldı. Şirkət Yaponiyada 1,53 milyon, digər ölkələrdə isə 8,78 milyon satış olduğunu bildirib.

Ötən il verdiyi açıqlamada “Toyota” 2023-cü maliyyə ili üçün 10 milyon avtomobil istehsal etməyi hədəfləmişdi. Lakin bu məqsədə nail olunmayıb. Şirkətin istehsal sayı 9,97 milyon ədəd olaraq qalıb. Bu rəqəm illik 9,2 faiz artıma uyğundur.