Palata: “”Azər-Türk Bank” büdcəyə dividend ödəməkdən yayınır”

Dövlətə məxsus ikinci böyük bank – “Azər-Türk Bank” ASC proqnozlaşdırıldığı halda büdcəyə dividend ödəməkdən yayınır.

İndex.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-ci ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.

“”Azər Türk Bank” ASC-nin xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib. Nəticədə 2023-cü il 01 yanvar vəziyyətinə 14.7 mln. manat bölüşdürülməmiş mənfəət mövcud olub”- Palatanın rəyində vurğulanıb.

Qeyd edək ki, 2023-cü il üzrə Bankın dövlət büdcəsi üzrə öhdəliyi 1 milyon manat proqnozlaşdırılıb.

Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Səhmlərin 12,4%-i “Ziraat Bank”a, 11%-i “Ziraat Bank International”a, 6,5%-i “AzRe Reinsurance”yə, 5%- isə “Qala Həyat” sığorta şirkətinə məxsusdur.