Kafe və restoranlar buna görə cərimə oluna bilər – LİMİTLƏR, QAYDALAR

Kafe və restoranlar, şadlıq evləri nağd hesablaşmalara görə cərimə oluna bilərlər. Mövcud qanunvericiliyə əsasən, ictimai iaşə müəssisələri üçün nağd ödənişlərə limit müəyyən edilib. Həmin məbləğdən artıq ödəniş edilərsə, sanksiyaya məruz qalacaqlar.

İqtisadçı Anar Bayramov İndex.az-a açıqlamasında bildirib ki, dövriyyəsindən asılı olmayaraq bütün ƏDV ödəyiciləri və həmçinin 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyənlər təqvim ayı ərzində 30 000 manata qədər nağd ödənişlər həyata keçirə bilər.  Ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan aşağı olan sadələşdirilmiş vergi ödəyiciləri, həmçinin ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisi ödəyiciləri üçün aylıq olaraq 15 000 manat nağd ödəniş limiti müəyyənləşdirilib.

Qeyd edək ki, bu limitlər “Nağdsız  hesablaşmalar haqqında” qanunun  3.3-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsində isə göstərilir ki, həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Belə ki, il ərzində belə hala birinci dəfə yol verdikdə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə isə 40%-i miqdarında cərimə olunur.

A.Bayramov qanunvericiliyin tələbini misallarla izah edib: “Tutaq ki, ardıcıl olaraq 12 aylıq dövriyyəsi 80 000 manat olan ƏDV ödəyicisi təqvim ayı ərzində 18 000 manat məbləğində nağd pul məxaric edib. Vergi ödəyicisinin ardıcıl 12 aylıq dövriyyəsinin 200 000 manatdan aşağı olmasına baxmayaraq, vergi orqanı ona maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki dövriyyəsindən asılı olmayaraq bütün ƏDV ödəyiciləri üçün nağd məxaric əməliyyatları üzrə aylıq limit 30 000 manat müəyyən edilib. Digər bir halal baxaq Tutaq ki, pərakəndə ticarət fəaliyyəti həyata keçirən sadələşdirilmiş vergi ödəyicisi təqvim ayı ərzində ərzaq mallarının alınması və digər xidmətlər üçün qarşı tərəfə 22 000 manat odəniş edib. Bu halda vergi orqanı vergi ödəyicisinə 700 manat ((22 000 manat – 15 000 manat) x 10%) maliyyə sanksiyası tətbiq edəcək. Vergi ödəyicisi təqvim ili ərzində ikinci dəfə eyni halı təkrar etsə, o zaman maliyyə sanksiyası 20% miqdarında tətbiq ediləcək”.

Başqa hallarda da maliyyə sanksiyasından yan keçmək mümkündür. Fərz edək ki, vergi orqanlarının keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində ƏDV ödəyicisi olan şəxs təqvim ayı ərzində 28 000 manatlıq nağd hesablaşma apardığı müəyyən edilibb. Eyni zamanda, ayın sonuna kassada 40 000 manat nağd vəsait aşkar olunub. Vergi orqanı kassada qalıq vəsaitinin 30 000 manatdan çox olmasına görə maliyyə sanksiyası tətbiq edə bilməz.

A.Bayramov bildirib ki, bəzi mallara görə nağd ödənişlər sözügedən limitdən kənarda qalır. “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsinə uyğun olaraq vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alındıqda nağd hesablaşmalar onların aylıq limitinə daxil edilmir:

– kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

– əlvan və qara metal qırıntılarının qəbulu;

– utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

– utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

– xam dərinin tədarükü (alışı).

“Tutaq ki, ƏDV ödəyicisi 2020-ci ilin noyabr ayında 36 000 manatlıq hesablaşmalar üzrə ödənişləri nağd şəkildə həyata keçirib. Amma məlum olub ki, vergi ödəyicisi noyabr ayında vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından 8 000 manat məbləğində kənd təsərrüfatı məhsullarının qəbulu üçün nağd ödəniş edib. Bu halda aylıq limit məbləği aşılmayıb. ƏDV ödəyicisinin nağd hesablamalar üzrə nəzərə alınan əməliyyatları 28 000 manat (36 000 – 8 000) təşkil etdiyindən və bu məbləğ aylıq limitdən – 30 000 manatdan az olduğundan ona maliyyə sanksiyası tətbiq edilməyəcək”.

Adıçəkilən məhsullar vergi ödəyicilərindən alınarsa, ictimai iaşə müəssisələri maliyyə sanksiyasındna qaça bilməyəcəklər. Fərz edək ki, ƏDV ödəyicisi 2020-ci ilin dekabr ayında nağd qaydada 34 000 manatlıq hesablaşmalar həyata keçirib. Şəxs vergi ödəyicisindən nağd şəkildə 5000 manat məbləğində kənd təsərrüfatı məhsulları alıb. Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinə ilk dəfə aylıq limiti 4000 manat (34 000 manat – 30 000 manat (aylıq limit məbləği)) keçdiyi üçün 400 manat (4000 manat x 10 faiz) maliyyə sanksiyası tətbiq ediləcək. Bu halda kənd təsərrüfatı məhsulları vergi ödəyicisindən alındığı üçün “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3.5-ci maddəsi ona şamil edilmir.