"Expressbank" 4.5 milyon manatdan "əlini üzüb"

“ExpressBank” müştərilərinə verdiyi 4.508 milyon manat məbləğində krediti 1 ildən çoxdur qaytara bilmir.

Bu barədə Index.az bankın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatdan məlum olur ki, 1.820 milyon manat biznes krediti, 2.609 milyon manat istehlak kreditinin qaytarılmasında 1 ildən çoxdur problem yaşanır.

Bankın kredit portfeli 261.439 milyon manat təşkil edir. Bunun 139.987 milyon manatı biznes kreditlərinin payına, 89.515 milyon manatı istehlak kreditlərinin, 33.937 milyon manatı daşınmaz əmlakın payına düşür.

“Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.545 milyon manatdır. Bankın səhmlərinin 48.8%-i “Azenco Group”a, 21.6%-i “Enerqoservis” MMC-yə, 19.5%-i Hikmət Xammədova, 9.8%-i Hafiz Seyidova, 0.3%-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.