BOKT-ların xalis mənfəəti 3 dəfə artıb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr 59 milyon manat xalis mənfəətlə başa vurub.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur.

9 ay ərzində BOKT-ların gəlirləri 151,3 milyon manat (illik müqayisədə 81,85% çox), xərcləri 77 milyon manat (37,75% çox), xüsusi ehtiyatlara ayırmaları 4,8 milyon manat (92 % çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 10,7 milyon manat (5,6 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 682,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 42,6 % çoxdur. Bunun 509,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 39,5 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 41,8 % artaraq 388,4 milyon manata, balans kapitalı isə 43,7 % artaraq 293,8 milyon manata çatıb.