Rusiya 2030-cu ilə qədər xarici çip istehsalı avadanlıqlarının dəyişdirilməsi üzrə genişmiqyaslı proqramı dəstəkləmək üçün 2,54 milyard dollardan çox vəsait ayırıb.
İndex.az xəbər verir ki, təşəbbüs idxal olunan çip istehsalı alətlərindən asılılığı azaltmaq və nəticədə 28 nanometrlik çiplər istehsal etmək üçün 110 tədqiqat və inkişaf layihəsinin işə salınmasını nəzərdə tutur.
Rus çip istehsalçıları (Angstrem, Mikron və s.) 65 nm və 90 nm kimi yetkin istehsal proseslərində istehsal edə bilərlər. Ancal çip istehsalında istifadə edilən 400 alətdən hazırda yalnız 12%-i yerli istehsal edilə bilər.
Bundan başqa, ölkəyə qarşı tətbiq edilən sanksiyalara görə Rusiya kritik avadanlıqlara çıxışda çətinlik çəkir və əldə edə bildiyi 40-50% baha başa gəlir. Buna görə xərcləri azaltmaq və xarici alətlərdən asılılığı azaltmaq üçün Rusiya Sənaye və Ticarət Nazirliyi və dövlət nəzarətində olan MIET şirkəti çip istehsalında lazım olan avadanlıq və xammalın təxminən 70% -i üçün yerli alternativlərin inkişafına yönəlmiş bir proqram hazırladılar.
Proqram çip istehsalının müxtəlif aspektlərini, o cümlədən alətlər, xammallar və elektron dizaynın avtomatlaşdırılması (EDA) alətlərini əhatə edir. Layihə mikroelektronika, mikrodalğalı elektronika, fotonika və güc elektronikası da daxil olmaqla 180nm-dən 28nm-ə qədər dəyişən 20 fərqli texnologiya yolunu inkişaf etdirəcək. Hazırlanmış texnologiyaların bəziləri fotomaska istehsalı və elektron modulların yığılması üçün də istifadə olunacaq.