Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən və beynəlxalq yük daşımaçılığı ilə məşğul olan bir neçə şirkət vergidən yayınır.
İndex.az-a daxil olan məlumatdan məlum olur ki, şirkətlər vergidən yayınmaq üçün fərqli üsuldan istifadə edir.
Şirkətlərin adları məlum olmasa da, bəlli olan budur ki, onlar sürücülərlə əmək müqaviləsi bağlamır. Əvəzində şirkətlər sürücülərlə icarə müqaviləsi bağlayır, sürücüləri yük maşınlarını icarəyə götürürmüş kimi göstərirlər. Yük maşınları bir neçə şirkətə məxsusdur. Lakin bağlanmış icarə müqavilələri əsasında nəqliyyat vasitələri sürücülərin adına rəsmiləşdirilir və sürücülər fərdi qaydada fiziki şəxs olaraq vergi ödəyicisi kimi qələmə verilir. Karqo xidmətini isə şirkət göstərir. Həmin müqavilələrin isə heç bir yerdə reysteri yoxdur. Yəni, nə kiminlə müqavilə bağlanıldığı, nə də hansı məbləğdə vergi ödənildiyi bilinmir.
Onlar şirkət kimi nəzərə çarpmamaq üçün ötəri yerlərdə fəaliyyət göstərirlər. Məsələn, Xaçmaz rayonunda “Qafqaz Petrol” adlı yanacaqdoldurma məntəqəsində və s. Söhbət 100-ə yaxın yük maşınından (TIR) gedir.
Vergidən yayınmaq bir kənara, hər hansısa yol-nəqliyyat hadisəsi baş verəndə, şirkət rahatlıqla yaxasını kənara çəkə bilir, məsuliyyət TIR sürücüsünün üstündə qalır.
Maraqlısı budur ki, istənilən bir şəxs kiçicik müəssisə/şirkət yaratsa, Dövlət Əmək Müfəttişliyi və digər aidiyyatı qurumlar dərhal müdaxilə edir. Bəs necə olur ki, kifayət qədər böyük dövriyəsi olan şirkətlər heç kimin diqqətini cəlb etmir?
İndex.az-ın əməkdaşları Xaçmaz-Yalama yolu boyunca düzülən TIR sürücüləri ilə söhbətləşib. Məlum olub ki, bir nəfərin belə əmək müqaviləsi yoxdur.
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi Ruslan Eldaroğlu İndex.az-a bildirib ki, hər hansı şirkət qanunla iki formada müqavilə bağlaya bilər:
“Ya əmək müqaviləsi olmalıdır, ya da xidməti müqavilə. Həmin şirkətlərin bağladığı müqavilələr xidməti müqavilədir və tam qanunauyğundur. Aidiyyatı qurumların həmin şirkətlər üzərində nəzarəti var və bu qədər böyük dövriyyəsi olan şirkətlərin diqqətdən kənar qalaraq vergidən yayınması mümkün deyil. Azərbaycanda bu sahədə fəaliiyət göstərən şirkətlər vaxtlı-vaxtında öz hesabatlarını təqdim edir və vergilərini ödəyirlər”.