Çinin 6-cı nəsil döyüş təyyarəsi ilk dəfə uçarkən görüntülənib

Çin hava üstünlüyü uğrunda ABŞ ilə rəqabətdə yeni mərhələyə qədəm qoyur.

İndex.az xəbər verir ki, Çinin 6-cı nəsil döyüş təyyarəsinin dekabrın 26-da ilk uçuşunu həyata keçirdiyi iddia edilir.

Sosial şəbəkələrdəki yazılarda təyyarənin ən azı iki mühərrikli (bəlkə də üç mühərrikli) konfiqurasiyaya malik olduğu və uçuş zamanı onu J-20 tipli təyyarə müşayiət etdiyi bildirilir. Lakin bu məlumat hələ ki, rəsmi təsdiqini almayıb.

2019-cu ildə “Chengdu Aerospace Corporation”ın baş dizayneri Dr. Wang Haifeng, Çinin altıncı nəsil təyyarələrlə bağlı ilkin araşdırmalarını təsdiqlədi və onların 2035-ci ilə qədər tam istifadəyə veriləcəyini proqnozlaşdırdı.

“Chengdu Aerospace Corp” 2018-ci ildə yeni nəsil qırıcı üçün səkkiz dizayn təklif etdi və onlardan dördü külək tunellərində sınaqdan keçirildi. 2023-cü ildə Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) əvvəllər AVIC tərəfindən paylaşılan şəkillərə uyğun gələn almaz formalı, quyruqsuz dizayna malik döyüş təyyarəsi konseptini təqdim etdi.