Xəbər verdiyimiz kimi, Donald Tramp ABŞ-da yenidən prezident seçildi.
Rəqib partiyalar ilə demək olar ki, əks düşüncələrdə olan Trampın idarəçiliyi və atacağı addımlar qlobal iqtisadiyyata necə təsir edəcək?
Trampın seçkilərdə qələbə qazanması Azərbaycan tərəfinə sərf edirmi?
İndex.az məsələ ilə bağlı “Vəhdət” partiyasının sədri Tahir Kərimli ilə əlaqə saxlayıb.
İndex.az-a danışan Tahir Kərimli bildirib ki, həm Donald Tramp, həm də Kamala Harris dəfələrlə ermənipərəst çıxışlar edib:
“Biz onların dəfələrlə ermənipərəst çıxışlarının şahidi olmuşuq. Lakin mənim fikrimcə, bu çıxışlar sekçi ərəfəsində daha çox səs toplamaq üçün edilən çıxışlar idi. Hər-halda Donald Tramp öz çıxışında sülh tərəftarı olduğunu və müharibənin əvəzinə barışıq istədiyini dilə gətirib. Məsələyə digər tərəfdən yanaşsaq görərik ki, Co Bayden dövründə Demokratlar partiyası daha çox ermənipərəst addımlar atıb. Azərbaycan hökuməti ilə heç vaxt görüşməmələrini, Azərbaycana qarşı sanksiya tətbiq etmək təkliflərini buna misal göstərə bilərəm. Lakin Trampla İlham Əliyev dəfələrlə bir araya gəlib, görüşlərdə birlikdə iştirak ediblər. Hətta Trampın Araz Ağalarov ilə də yaxşı münasibətləri var. Düşünürəm ki, Donald Trampın Azərbaycana qarşı mənfi münasibəti olmayacaq. Bundan əlavə Tramp biznes adamıdır. O, Azərbaycanın Ermənistana nəzərən daha imkanlı və daha güclü olduğunu bilir”.
Tahir Kərimli Trampın Ukraynaya qarşı münasibətinə də toxunub:
“Donald Trampın oğlu Ukraynada böyük biznes sahibidir. Tramp öz çıxışlarında dəfələrlə müharibələrin dayandırılacağına dair vədlər verir. Mənim fikrimcə, Trampın seçilməsi bəşəriyyəti 3-cü dünya müharibəsinin astanasından geri qaytaracaq. Ən azından artıq nüvə silahının işə salınmayacağını deyə bilərik. Yəqin ki, Trampın hakimiyyətə gəlməsi ilə artıq Ukrayna-Rusiya müharibəsi daha çox siyasi yollarla həll olunacaq. Bu məsələnin bu yönə çəkilməsinin əsas səbəblərdən biri Donald Trampın Ukraynaya yardım etmək istəməməsidir. Çünki əgər qərbin, əsasən də ABŞ-ın yardımı olmasa Ukrayna bu həcmdə müharibədə bu qədər tab gətirə bilməzdi. Əlavə yardım etməmək üçün Tramp öncə müharibəni bitirməli və məsələnin siyasi yollarla həllinə çalışmalıdır”.