“Unibank” Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda 24 sentyabr tarixində keçirilən “Yaşıl maliyyə” konfransının əsas dəstəkçiləri sırasındadır. Konfransın dəstəkçiləri siyahısında “Unicapital” İnvestisiya Şirkəti də yer alıb. Noyabr ayında ölkəmizdə baş tutacaq mötəbər COP29 tədbiri ərəfəsində iqlim gündəliyinin əsas mövzularından olan yaşıl maliyyələşmənin mobilizasiyası üzrə maraqlı çıxışların səsləndiyi konfransda, hökumət rəsmiləri, beynəlxalq ekspertlər və yerli maliyyə qurumlarının rəhbərləri iştirak edib.
“Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşov konfransın “Dayanıqlı maliyyə məhsulları”na həsr olunan panelində çıxış edərək, Azərbaycan maliyyə institutları üçün iqlim dəyişmələri və iqlim gündəliyi fonunda dayanıqlı və yaşıl maliyyə məhsullarının inkişaf etdirilməsinin zərurəti, o cümlədən “Unibank”ın yaşıl maliyyə məhsullarının hazırlanması və dayanıqlı maliyyə istiqamətində addımlar atmağa başladığını qeyd edib. İdarə Heyətinin sədri vurğulayıb ki, yaşıl istiqrazların və digər yaşıl maliyyə məhsullarının inkişafı ölkəmizdə dayanıqlı maliyyə axınlarının formalaşmasına, “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” milli prioritetinin reallaşmasına töhfə verəcək.
“Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazovun moderatorluq etdiyi “Yaşıl investisiya və infrastruktur” panelində dayanıqlı maliyyə axınlarının inkişafının dəstəklənməsi üzrə adekvat infrastrukturun formalaşdırılması istiqamətində müzakirələr aparılıb. Sözügedən paneldə “Unibank”ın Dayanıqlılıq üzrə Meneceri Səmra Talışinskaya-Abbasova yaşıl maliyyələşmənin təşviqi, habelə ətraf mühit və sosial risklərin idarə edilməsi istiqamətində texnoloji innovasiyaların tətbiqinin əhəmiyyəti üzrə çıxış edib.
Konfrans çərçivəsində Yaşıl maliyyənin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.
“Unibank” – Sənin Bankın!