Azərbaycanın 2024-cü ildə Bolqarıstana 2 milyard kubmetr qaz tədarük edəcəyi gözlənilir.
İndex.az xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “Euronews Bulgaria”ya müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, energetika Bakı və Sofiya arasında ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən biridir: “2013-cü ildə Bolqarıstanın “Bulqarqaz” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstana 1 milyard kubmetr Azərbaycan qazının tədarükü barədə müqavilə imzalayıb. Tədarüklər 2020-ci il dekabrın 31-də başlayıb. Əgər əvvəllər 1 milyard kubmetr tədarükdən söhbət gedirdisə, bu ilin yekunlarına görə Bolqarıstan bazarına 2 milyard kubmetr Azərbaycan qazının tədarükü planlaşdırılır”.
H.Hüseynov qeyd edib ki, Azərbaycan və Bolqarıstan “yaşıl enerji” tədarükü sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir.
“Yaşıl keçid” məsələsi Avropa İttifaqı və onun tərəfdaşlarının gündəliyində getdikcə daha aktual olur. Bu kontekstdə Azərbaycan və Bolqarıstan bərpa olunan enerji mənbələrindən enerji tədarükü sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir. Bu, Bolqarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm elementdir. Bundan əlavə, Bolqarıstana təbii qaz tədarükünün daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var”, – o vurğulayıb.
Səfir hesab edir ki, tərəflər perspektivdə Xəzər regionundan Avropaya bərpa olunan enerji mənbələrinin tədarükünə dair yeni layihələrlə bağlı təşəbbüs irəli sürə bilərlər.
Qeyd edək ki, 2023-cü ildə Bolqarıstan Azərbaycandan 1 milyard 250 milyon kubmetr qaz alıb.