Çinin elektrik avtomobil istehsalçıları iyun ayında tədarükləri artırdılar.
İndex.az “İnterfax”a istinadən xəbər verir ki, Çinin “Nio” şirkəti 21 209 ədəd avtomobil göndərib ki, bu da 2023-cü ilin iyun göstəricisi ilə müqayisədə 98% çoxdur. İlin ikinci rübündə şirkətin tədarükləri isə 144 % artaraq 57 373 ədəd avtomobil təşkil edib.
“Li Auto” şirkəti iyunda 47 774 ədəd elektromobil tədarük edib ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 46,7% artıma bərabərdir. Bu ilin ikinci rübündə şirkət 108 581 ədəd elektromobil tədarük edib ki, bu da illik müqayisədə 25,5% artıma bərabərdir.
Bundan başqa, iyun ayında “XPeng” avtomobil istehsalçısı tədarükləri 24% artıraraq 10,668 ədədə çatdırıb. İlin ikinci rübündə bu şirkətin satışının artımı 30,207 ədəd təşkil edib.
Bundan əlavə, iyunda tanınmış BYD şirkətinin tədarükləri 35% artaraq 341 658 ədəd elektromobilə çatıb. İlin birinci yarısında isə BYD-nin satışları 28% artaraq 1 612 983 ədəd olub.
Çinin daha bir tanınmış “Geely” şirkətinə məxsus olan “Zeekr” brendi iyunda rekord sayda elektrik avtomobili göndərib. Belə ki, 2024-cü ilin əvvəlindən onun tədarükləri 87,87 min avtomobil təşkil edib.
Martın sonunda ilk elektrik avtomobili SU7-ni təqdim edən smartfon istehsalçısı “Xiaomi”, iyunda bazara 10 mindən çox avtomobil təqdim edib. Ümumilikdə şirkət 25 mindən çox elektromobil satıb.