“Naxçıvanbank” ASC-nin müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Naxçıvanbank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilmə formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
İndex.az xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd edilib ki, “Naxçıvanbank”ın BOKT-a çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarıdır. Son hesabat tarixinə “Naxçıvanbank” ASC-nin maliyyə dayanıqlığı ilə bağlı çətinliyi mövcud deyil, aktivləri bütün fiziki və hüquqi şəxs olan əmanətçiləri və digər kreditorları qarşısındakı öhdəliklərini tam icra etməyə imkan verir. 31.05.2024-cü il tarixinə “Naxçıvanbank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.24%, kredit portfelində 0.04%, sektorun öhdəliklərində isə 0.003% təşkil edir.
“Naxçıvanbank” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin bank tərəfindən Qaydalara müvafiq olaraq qəbul edilmiş plan əsasında yaxın müddətdə icrası nəzərdə tutulur. Beləliklə, “Naxçıvanbank” ASC-nin yenidən təşkil edilərək BOKT-a çevrilməsi bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır”- AMB-nin açıqlamasında əlavə edilib.