Aqrar sektor 3%-dən çox böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 10 milyard 383,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,4% artaraq 5 milyard 431,3 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,3% artaraq 4 milyard 952,5 milyon manata çatıb.

Bu il dekabrın 1-nə kimi ölkədə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2 884,1 min ton və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 30,5 min hektar qarğıdalı sahəsindən 248,7 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən 1 052,3 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,3% çox kartof, 1 810,2 min ton (1,2% çox) tərəvəz, 468,7 min ton (1,9% çox) bostan məhsulları, 1248,4 min ton (4,6% çox) meyvə və giləmeyvə, 211,7 min ton (3,3% çox) üzüm, 1 000,9 ton (14,8 % az) yaşıl çay yarpağı, 203,7 min ton (8,7% çox) şəkər çuğunduru, 299,1 min ton (10,1% çox) pambıq, 28,9 min ton (12,2 % çox) günəbaxan və 4,3 min ton (32,3 % az) tütün yığılıb.

Təsərrüfatlarda 2023-cü ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla bu ilin payızlıq əkinləri üçün 1 083 min hektar sahədə şum qaldırılır. Gələn ilin məhsulu üçün 871,1 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 540,2 min hektarı buğda, 330,8 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edir.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 % artaraq 522 min ton, süd istehsalı 1,9 % artaraq 2 036,3 min ton, yumurta istehsalı 8 % artaraq 1 821,5 milyon ədəd, yun istehsalı 2,3 % azalaraq 15,6 min ton, barama istehsalı 31,4 % azalaraq 341,4 ton olub.