Gələn il özünüməşğulluğa cəlb kənd təsərrüfatı üzrə olacaq

Özünüməşğulluq tədbirlərinə xərclənən vəsaitin böyük əksəriyyəti kənd təsərrüfatının payına düşür.

“Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əks olunan məlumata istinadən xəbər veririk ki, 2021-ci ildə özünüməşğulluğa cəlb olunanların 7200 nəfəri və ya 71,0%-i kənd təsərrüfatı sahəsi üzrə, 1648 nəfəri və ya 16,3%-i xidmət sahəsi üzrə, 1293 nəfəri və ya 12,7%-i istehsal sahəsi üzrə təşkil edib. Cari ilin sonuna özünüməşğulluğa cəlb olunanların 10100 nəfəri və ya 99,5%-i kənd təsərrüfatı sahəsi üzrə, 20 nəfəri və ya 0,2%-i xidmət sahəsi üzrə, 27 nəfəri və ya 0,3%-i isə istehsal sahəsi üzrə olması, 2023-cü ildə isə özünüməşğulluğa cəlb olunması planlaşdırılan şəxslərin 10600 nəfəri və ya 100,0%-i kənd təsərrüfatı sahəsi üzrə olacağı gözlənilir.

2021-ci ildə özünüməşğulluq istiqaməti üzrə aktivlərlə təmin edilmiş şəxslərdən bir iştirakçıya düşən kənd təsərrüfatı sahəsi üzrə zərfin məbləği 5771,0 manat olub, 2022-ci ildə 6533,0 manat, növbəti ildə isə 7520,0 manat olacağı gözlənilir.