İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib.
İndex.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 148 sifariş qəbul edilib, bunun 42-si elektron qaydada həyata keçirilib.
Hərracda Yaponiya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 8 000 manat olan “Honda Accord” markalı avtomobilə ən son təklif 2,5 dəfə çox artaraq 20 000 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 8 000 manata olan “Toyota Camry” markalı nəqliyyat vasitəsi 15 700 manata satılıb.
Hərracda satılmış avtomobillər üzrə dövlət büdcəsinə 132.350 manat ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/322AdN )
Növbəti hərraclar sentyabrın 27-də, oktyabrın 4-də və 11-də keçiriləcək. Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.