Qarabağda Türkiyədən sonra ən çox işi İtaliya şirkətləri görür

«İtaliya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərində aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir».

İndex.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Dövlət başçısı bildirib ki, Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir, çünki Türkiyə Azərbaycanın müttəfiqi, yaxın dostu və qonşusudur və onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir: «Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda – Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə su elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Şirkətin adı “Ansaldo”dur».

Prezident bildirib ki, daha bir İtaliya şirkəti bizim xahişimizlə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək: «Beləliklə, bu, bizim münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir. Çünki Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan – külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var.

Dünən Baş nazirlə görüşüm zamanı biz İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyərini nəzərdən keçirdik. Həmin müqavilələrin dəyəri on milyard dollardan çoxdur. Beləliklə, İtaliya Azərbaycanda yaxşı təmsil olunub. Lakin əminəm ki, işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq».