Yollarda itib-batan məhsul

Hazırda bazarlarımızda yerli ədviyyat, demək olar ki, yoxdur. Daha çox İran, Hindistan ədviyyatlarına rast gəlirik. Bəs niyə yerli ədviyyatlarımız qeybə çəkilib, bazara çıxarılmır? Niyə daha çox idxal məhsulları ilə kifayətlənirik?

Ədviyyatlar mətbəximizin vazkeçilməz üzvünə çevrilib. Yeməklərimizi dadlı etməkdən ötrü onlardan istifadə etmək mütləqdir. Azərbaycanın qədimdən ədviyyat ənənəsi olub. Lakin hazırda bazarlarımızda yerli ədviyyat demək olar ki, yoxdur. Bazarlarımızda daha çox İran, Hindistan ədviyyatlarına rast gəlirik. Bəs niyə yerli ədviyyatlarımız qeybə çəkilib, bazara çıxarılmır? Niyə daha çox idxal məhsulları ilə kifayətlənirik? Öz məhsullarımızın keyfiyyəti aşağıdır, yoxsa onları təqdim etməyi bacarmırıq?

İstifadə edə bilmədiyimiz nemətlərdən biri də kənd yerlərində, yol kənarında yetişən bitkilərdir. Kəklikotu, ətotu, biyan kökü kimi faydalı bitkilər yol kənarlarında, dağlarda itib gedir. Onları yalnız rayonda yaşayan insanlar toplayır. Bəzən də rayon bazarlarında satıldığını görmək mümkündür. Satılanlar da kustar formada qablaşdırılmış formada olur. Bəs niyə biz bu neməti daha keyfiyyətli şəkildə satışa çıxara bilmirik? Niyə onları xarici bazarlara təklif etmirik?

Respublikamız bu sahə üçün əlverişlidir

İqtisadçı Eldəniz Əmirov bildirdi ki, Azərbaycan bazarlarında yerli istehsaldan çox xarici ədviyyatların olduğu şübhəsizdir: “Bu isə ədviyyatlarla bağlı idxaldan asılılığın olduğunu deməyə əsas verir. Amma respublikamızın coğrafiyası, iqlimi, florası, təbiəti ədviyyat istehsalı üçün kifayət qədər əlverişlidir. Sadəcə, hazırkı vəziyyətdə yerli ədviyyatların daha çox kustar üsulla yığılması, qablaşdırılması və satışını görürük”.

Müsahibimizin fikrincə, ədviyyat istehsalında sistemsizlik mövcuddur. Emal müəssisələrinin olmaması da bu sahənin inkişafına mənfi təsir göstərir: “Bir neçə il öncə Sabirabadda ədviyyat istehsal edən müəssisənin yaradılması baş tutdu. Ədviyyat yığıldıqdan sonra müəyyən emal prosesləri keçməli, daha sonra qablaşdırılmalı, sonra isə bazarlara çıxarılmalı və yaxud da ixrac olunmalıdır”.

Niyə İran ədviyyatı?

Eldəniz Əmirov bildirdi ki, xaricdən gətirilən ədviyyatların müəyyən növləri var ki, onların yerli istehsal potensialı daha çoxdur: “Azərbaycana ədviyyat daha çox İrandan idxal olunur. İran mətbəxində ədviyyatlardan çox istifadə olunur deyə, istehsalı da geniş yayılıb. Azərbaycanla sərhəd olması, logistika imkanları, xərclərin az olması, Azərbaycanın cənub zonasından insanların İrana intensiv gediş-gəlişinin olması, ölkəmizdə kütləvi istehsalın olmaması, İran mallarının satışı üçün xüsusi dükanların təşkili İran ədviyyatının satışının daha çox olması ilə nəticələnir”.

Məşğulluğa gətirib çıxara bilər

Ekspert qeyd etdi ki, kənd yerlərindəki məhsulların həm yabanı, həm də mədəni üsulla yetişdirilməsi mövcuddur: “Azərbaycanın relyefi, regionlarda insanların həyat şəraiti onu deməyə əsas verir ki, ölkəmizdə ədviyyat məhsullarının istehsalı üçün çox geniş potensial var. Bu, eyni zamanda regionlarda, kənd yerlərində məşğulluğun təmin olunmasına da gətirib çıxara bilər. Ədviyyat istehsal etmək üçün lazım olan bitkilərin həm mədəni, həm də yabanı halda yetişməsi mümkündür”.

İqtisadçının fikrincə, emal müəssisələrinin olmaması idxaldan asılılıq yaradır: “Yabanı halda yetişən bitkilərin yığılma prosesinə regionlardakı insanların qatılması yaxşı bir şeydir. Eyni zamanda, mədəni bitkiçiliyin, yəni bu bitkilərin kənd təsərrüfatı, aqrotexniki qaydalara uyğun olaraq yetişdirilməsi mümkündür”.

İnsanların maraqlarını bu məsələyə fokuslaya bilər

Eldəniz Əmirov həmçinin bildirdi ki, bu sahə inkişaf etdirilərsə, insanlarda maraq yarana bilər: “Düşünürəm ki, emal sənayesinin inkişafına nail ola bilsək, bu zaman müxtəlif kənd təsərrüfatı məhsullarının tarladan və ya fermadan birbaşa satışa çıxarılması yox, həmin emal müəssisələrinə istiqamətlənməsi baş verər ki, bu da sonda əldə olunmuş məhsulun daha dəyərli olmasına gətirib çıxarar. Həm məşğulluğu təmin edər, həm də hansısa ədviyyatın və ya bir neçə kənd təsərrüfatı məhsulunun deyil, ümumiyyətlə kənd təsərrüfatının inkişafına ciddi şəkildə töhfə vermiş olar. Bütün bunlara nail olmaq üçün emal müəssisələrinin yaradılmasına hədəflənən sistemli güzəştlərin olmasına ehtiyac var. Bu, həm regionlardakı sahibkarların, həm də ayrı-ayrı insanların maraqlarını bu sahəyə fokuslaya bilər”.

Kaspi.az