Rusiya Bankı gələn il faiz dərəcələrinin azaldılması prosesinə başlamağı planlaşdırır

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina Rusiya parlamentinin aşağı palatası Dumada çıxışında Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib.

İndex.az xəbər verir ki, Nabiullina qiymət artımını dayandırmaq üçün sərt pul siyasəti həyata keçirdiklərini vurğulayıb:

“İnflyasiya 4 il dalbadal yüksək olub. Bu 4 il ərzində vətəndaşların və müəssisələrin inflyasiya gözləntilərində böyük bir ətalət yığılıb və bu, güclənir. Xəstəliyin (inflyasiyanın) xroniki hal almaması üçün qətiyyətlə hərəkətə keçməliyik”.

Nabiullina həmçinin həyata keçirdikləri pul siyasətinin gələn il inflyasiyanı 4-4,5%-ə endirəcəyini ifadə edib: “Bundan sonra bunun 4 faiz səviyyəsində sabitləşməsini gözləyirik. Əlavə xarici şoklar baş verməzsə, siyasətdə mərhələli azalmaya başlamağı düşünəcəyik”.