Rusiya “Google”u 20 desilyon dollar cərimələyib

Rusiyada məhkəmə texnologiya nəhəngi “Google”a Rusiya media təşkilatlarına qarşı məzmunu blokladığı üçün astronomik cərimə kəsib.

İndex.az xəbər verir ki, “Google”un ödəməli olduğu bu cəzanın təxminən 20 desilyon dollar olduğu açıqlandı və daha da arta biləcəyi ifadə edildi.

Bu böyük cəzanın tarixi dörd il əvvələ gedib çıxır. 2020-ci ildə “YouTube” ABŞ-ın kanalın sahibinə qarşı sanksiyalarına əməl edərək, ultramillətçi Rusiyanın “Tsargrad TV” kanalını qadağan etdi.

O vaxtdan bəri, xüsusən də Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra siyahıya yeni kanallar əlavə edilib. Hazırda Rusiya Müdafiə Nazirliyinə bağlı “Zvezda TV” də daxil olmaqla ümumilikdə 17 kanal “Google”a qarşı iddia qaldırıb.

Məhkəmə Rusiya qanunlarına əsasən İnzibati Xətalar Məcəlləsini pozduğu iddiası ilə mühakimə olunan “Google”u “YouTube”da bu kanalları bərpa etməyə məcbur edib. Qərara görə, şirkət kanalları açmasa, hər gün üçün 100 min rubl (təxminən 1025 dollar) cərimə ödəməlidir. Bu cərimə hər həftə eksponent olaraq artır və mürəkkəb faizlə hesablanır. Bu səbəbdən indiki total cəza heyrətamiz həddə çatıb.

Lakin bu cəzalara görə “Google”un müflis olması ehtimalı yoxdur. 2022-ci ildən Rusiyada fəaliyyət göstərməyən və bank hesablarına həbs qoyulması səbəbindən yerli əməliyyatları dayanan “Google” artıq ölkədəki işçi qüvvəsini xeyli azaldıb. Rusiyanın “Google”un aktivlərinə həbs cəhdləri beynəlxalq məhkəmələrdə davam edir.