Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 427 mənzil alıblar, bunun da 88-i iyulda olub.
İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə olaraq 42 mənzil (9 %) azdır. Ötən ilin iyul ayı ilə müqayisədə isə 14 mənzil (18,9 %) çoxdur.
Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Türkiyədə xarici vətəndaşlara 12 929 mənzil (il ərzində 9 317 ədəd və ya 41,9 % azalıb) satılıb. Təkcə iyul ayında ölkədə 2 381 xarici vətəndaş (435 ədəd və ya 15,5 % az) mənzil sahibi olub.
İyulda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 485 mənzil (287 mənzil və ya 37,2 % az) satılıb. Bu ilin 7 ayında isə rusiyalılar bu ölkədə 2 908 mənzil (4 320 ədəd və ya 2,5 dəfə az) alıblar.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara 7 ay ərzində bu ölkədə 1 221 mənzil satılıb, onların 151-i iyul ayında əldə edilib. Bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 1 708 ədəd və ya 2,4 dəfə azdır, 2023-cü ilin iyul ayına nisbətən isə 121 mənzil və ya 44,5 % azdır.
İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 171 mənzilə (25 mənzil və ya 17,1 % çox) sahib olub, yanvar-iyul aylarında isə 896 mənzil (188 ədəd və ya 17,3 % az) alıblar.